Modern.az

ABŞ İrana hücumla bağlı hələ qərar verməyib

ABŞ İrana hücumla bağlı hələ qərar verməyib

Dünya

25 Yanvar 2026, 22:18

ABŞ ordusu yaxın vaxtlarda İrana hücum edə bilər.

Modern.az xəbər verir ki, bu barədə İsrailin 13-cü kanal telekanalı İsrail Müdafiə Qüvvələrinin yüksək rütbəli zabitlərinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hazırkı həftə Vaşinqtonun mümkün hərbi əməliyyata hazırlığında həlledici mərhələ kimi qiymətləndirilir.

Məlumata görə, ötən həftəsonu İsrailin ali hərbi rəhbərliyi ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper ilə görüş keçirib. Görüşdə müdafiə və hücum əməliyyatları üzrə koordinasiya məsələləri müzakirə olunub.

ABŞ tərəfi bildirib ki, İrana zərbə endirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib, lakin mümkün əməliyyat üçün bütün hazırlıq işləri tamamlanıb. İsrail hərbi dairələrində isə belə bir hücumun yaxın vaxtlarda baş verə biləcəyi ehtimalı əsas götürülür.

Telekanalın məlumatında qeyd olunur ki, İsrail ABŞ-ın mümkün zərbələrinin əsasən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona tabe olan Bəsic qüvvələrinin obyektlərini hədəf alacağına ümid edir. İsrail tərəfinin qənaətincə, məhz bu hədəflərin seçilməsi İranın cavab zərbələrinin intensivliyini azalda bilər.

Bu arada ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə aviadaşıyıcı qrupunun regiona göndərilməsi fonunda İranın yüksək vəzifəli rəsmisi "Reuters" agentliyinə bildirib ki, ABŞ-ın istənilən hücumu Tehran tərəfindən “tammiqyaslı müharibə” kimi qiymətləndiriləcək. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri “ən pis ssenariyə hazırdır” və ölkədə yüksək döyüş hazırlığı rejimi tətbiq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır