Modern.az

ABŞ Yaxın Şərqə ağır hərbi təyyarələr göndərdi

ABŞ Yaxın Şərqə ağır hərbi təyyarələr göndərdi

Dünya

25 Yanvar 2026, 23:40

Son 24 saat ərzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı altı ədəd C-17A "Globemaster III" tipli ağır hərbi nəqliyyat təyyarəsi Yaxın Şərq istiqamətində uçuşlar həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya resursunun məlumatlarında qeyd olunur.

Məlumata görə, ABŞ-ın əsas hissəsindən havaya qalxan və hərbi yük daşıyan təyyarələr İordaniyada yerləşən Muvaffaq Salti aviabazasına, həmçinin Qətərdəki Əl-Udeyd aviabazası, Küveytdə yerləşən Əli Əl-Salem aviabazası və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına eniş edib. Sözügedən bazalarda ABŞ-ın döyüş təyyarələrindən ibarət iri hərbi kontingenti yerləşir.

Bildirilir ki, təkcə son bir həftə ərzində C-17A "Globemaster III" təyyarələri Yaxın Şərqə hərbi yüklə təxminən 20 reys həyata keçirib. Eyni zamanda, ABŞ-ın rabitə, naviqasiya və radar sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş EA-37B tipli təyyarəsinin də regiona göndərildiyi qeydə alınıb.

"The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən yazır ki, mümkün Amerika hərbi əməliyyatı fonunda İran tərəfindən ola biləcək cavab zərbələrindən qorunmaq məqsədilə Yaxın Şərqə əlavə hava hücumundan müdafiə vasitələri də daşınır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır