Türkiyə Suriyanın ərazisində apardığı antiterror əməliyyatları çərçivəsində yerləşdirdiyi hərbi kontingentin geri çəkilməsi üçün irəli sürdüyü şərtləri Dəməşqdəki mövcud hakimiyyətin diqqətinə çatdırıb.
Modern.az bildirir ki, bu barədə “Türkiye” qəzetinin bazar günü dərc olunan sayında məlumat yer alıb. Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən qeyd olunur ki, Ankara Suriyanın bütün ərazisində mərkəzi hökumətin tam nəzarətinin təmin olunacağı, Türkiyə sərhədlərinin təhlükəsizliyinin qorunacağı və terror təhlükəsinin aradan qaldırılacağı halda öz qoşunlarını ölkədən çıxarmağa hazırdır.
Məqalədə həmçinin vurğulanır ki, ABŞ uzun müddətdən sonra “Suriya Demokratik Qüvvələri” adlanan qurumun əsasını təşkil edən YPG terror qruplaşmasına verdiyi dəstəyi dayandırıb.
Qəzet yazır ki, təxminən on ildən sonra Vaşinqton Ankaranın dəfələrlə səsləndirdiyi və “bir terror təşkilatına qarşı digər cinayətkar qurumdan istifadə etməyin mümkün olmadığı” fikri ilə razılaşıb. Müəllif YPG silahlılarının Suriya Demokratik Qüvvələrindən Suriya Milli Ordusuna inteqrasiyası ilə bağlı razılaşmaları və Dəməşqin bu qruplaşmaya qarşı sonrakı uğurlu əməliyyatlarını xatırladaraq qeyd edir ki, YPG-nin davranışları hətta amerikalıların da narazılığına səbəb olub.
Yazıda Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan əməliyyat bölgələrində fəaliyyət göstərən inzibati strukturların mərhələli şəkildə Suriya hökumətinin tabeliyinə verildiyi də diqqətə çatdırılır.
Ankaradakı mənbələrin sözlərinə görə, dövlət idarəçiliyi möhkəmləndikcə Suriyada əhaliyə dəstək məqsədilə Türkiyədən göndərilən mütəxəssislər tədricən geri qayıdırlar. Nümunə olaraq Afrinə yerli polisə yardım üçün göndərilən polis və jandarma əməkdaşlarının öz vəzifələrini başa vuraraq Türkiyəyə döndüyü, Afrində təhlükəsizlik nəzarətinin isə Suriya hökumətinə təhvil verildiyi bildirilib. Bununla belə, türk hərbi birləşmələri hələ də bazalarda qalmaqdadır.
Türkiyənin Milli Müdafiə Nazirliyi daha əvvəl “Sülh çeşməsi” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin nəzarət sahəsinin azaldılması ilə bağlı yayılan iddiaları dezinformasiya kimi qiymətləndirmişdi.
Nazirliyin rəsmisi qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı əməliyyatlar davam edir və bu fəaliyyət Suriya hökuməti ilə koordinasiya olunur.