Rusiya ABŞ-ın Ermənistanın nüvə enerjisi sektoruna yatırım etmək planlarına qarşı çıxıb.
Modern.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bununla bağlı danışıb.
O, Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı təkliflərinə "real alternativlər" olmadığını bildirib.
Xatırladaq ki, dünən İrəvanda baş nazir Nikol Paşinyanla görüşən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonun Ermənistanın nüvə enerjisi sektoruna 9 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
ABŞ bu məqsədlər Ermənistana birinci mərhələdə 5 milyard dollar, ikinci mərhələdə isə 4 milyard dollar ayrılacaq.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bununla əlaqədar deyib: "Biz Ermənistan tərəfinə ətraflı təkliflər paketi təqdim etmişik. “Rosatom” layihənin həyata keçirilməsinə ən qısa zamanda başlamağa hazırdır... Etibarlı, sübut olunmuş texnologiyalar və ya cəlbedici maliyyə parametrləri baxımından real alternativlər yoxdur".
Onun sözlərinə görə, Moskva Ermənistanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış etməyə davam etmək niyyətindədir. "Almaniya da daxil olmaqla, bəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, nüvə enerjisindən imtina milli iqtisadiyyat üçün baha başa gələ bilər", - Qaluzin əlavə edib.
O, həmçinin iki ölkənin mütəxəssislərinin eyni “Sovet məktəbindən” olduğunu və atom elektrik stansiyasının sabit işləməsini təmin etmək üçün işlərin 2036-cı ilə qədər davam edəcəyini vurğulayıb.