Modern.az

Paşinyan: "Metsamor AES-in istismar müddəti 2046-cı ilə qədər uzadıla bilər"

Paşinyan: "Metsamor AES-in istismar müddəti 2046-cı ilə qədər uzadıla bilər"

Dünya

11 Fevral 2026, 19:12

“Hazırda Ermənistan Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılması prosesindədir. Bundan sonra isə onun fəaliyyət müddətinin daha 10 il artırılması gözlənilir”.

Modern.az xəbər verir ki, bunu hökumət saatı çərçivəsində parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Hazırda biz Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılması prosesindəyik. Bundan sonra isə onun fəaliyyət müddətinin daha 10 il – yəni 2046-cı ilə qədər uzadılması nəzərdə tutulur”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bu müddət ərzində hökumət yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar qəbul etməlidir. Ermənistan yeni nüvə reaktoru məsələsini Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya ilə müzakirə edir.

“Biz bu məsələni bütün tərəfdaşlarımızla müzakirə edirik. Bu qərar strateji əhəmiyyət daşıyır. Qərar qəbul edərkən əmin olmalıyıq ki, hansı təklif Ermənistan Respublikasının maraqlarına daha uyğundur”, – deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, atom energetikası bazarının keyfiyyətli və dəqiq araşdırılması problemi mövcuddur. Hazırda Metsamor AES-də istehsal olunan elektrik enerjisinin tarifi Ermənistanın enerji sistemində ən aşağı səviyyədədir.

Qlobal tendensiyalara toxunan Paşinyan bildirib:

“Mövcud qiymətləndirmələrə görə, hazırda məlum olan nüvə yanacağı ehtiyatları təxminən 70 il üçün kifayətdir. Bu isə o deməkdir ki, 40 ildən sonra atom enerjisinin 1 kVt·saatının neçəyə başa gələcəyini hesablamaq lazımdır. Burada iqtisadi məqsədəuyğunluq məsələsi də ortaya çıxır. Sual ondan ibarətdir ki, qiymət necə olacaq?”

O vurğulayıb ki, atom elektrik stansiyasının tikintisi üçün qoyulan investisiyaların geri qaytarılmasını təmin edən iqtisadi-maliyyə modeli hazırlanmalıdır. Ermənistanı qərarın tez qəbuluna təşviq edən tərəfdaşlar da var.

“Bütün hörmətlə yanaşı, biz bütün bu məqamları dərindən anlamalıyıq. Tutaq ki, 4–6 milyard dollar sərmayə qoyduq, atom elektrik stansiyası tikdik və uranın qiyməti 4–5, hətta 10 dəfə artdı. Nüvə yanacağının qiyməti yüksəlməyə başlasa, bu, layihənin iqtisadi səmərəliliyinə necə təsir edəcək?” – deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, bunlar geniş və detallı müzakirə tələb edən ciddi məsələlərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi