Vaşinqton, İranın nüvə proqramı ilə bağlı mümkün sazişi qiymətləndirmək üçün Tehranla danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra "Truth Social" platformasında açıqlama verib.
Tramp bildirib: "Mən Baş nazir Netanyahu və onun nümayəndələri ilə görüşümü başa vurdum. Heç bir konkret nəticə əldə etmədik, lakin mən İranla danışıqların davam etdirilməli olduğunu və sazişin əldə edilə biləcəyini yoxlamaq üçün təkid etdim. Baş nazirə bildirdim ki, əgər buna nail olmaq mümkün olsa, bu, daha yaxşı olar."
Qeyd edək ki, Trump ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib.
Məlumata görə, görüşdə ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner, həmçinin səfir Mayk Hakabi iştirak ediblər. İsrail nümayəndə heyətində isə ölkənin ABŞ-dakı səfiri Yexiel Leyter, müdafiə naziri Roman Hoffman, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Baş nazirin yeni Aparat rəhbəri Maykl Ayzenberq və siyasi müşavir Ofir Falk yer alıb.
İsrail mediasının məlumatına əsasən, tərəflər Vaşinqtonun Tehranla razılığa gələ bilməməsi ehtimalını müzakirə ediblər. Bildirilir ki, bu halda ABŞ və İsrail arasında birgə fəaliyyət planının hazırlanması variantı nəzərdən keçirilib. “Channel 12” telekanalının xəbərinə görə, hər iki tərəf İranla razılaşmanın əldə olunması perspektivinə ehtiyatla yanaşır.
Qərb mediası yazır ki, ABŞ administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğu gücləndirmək variantını da nəzərdən keçirir. Pentaqon "USS George H.W. Bush" aviadaşıyıcı zərbə qrupunun mümkün yerləşdirilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib. Qərar qəbul edilərsə, bu qrup artıq regionda olan USS Abraham Lincoln aviadaşıyıcısına qoşula bilər.
Müşahidəçilər hesab edirlər ki, diplomatik danışıqlar fonunda paralel şəkildə hərbi hazırlıq səviyyəsinin artırılması Vaşinqtonun İran məsələsində təzyiq mexanizmlərini gücləndirməyə yönəlib. Regionda gərginliyin inkişafı isə qarşıdakı mərhələdə tərəflərin atacağı addımlardan asılı olacaq.