Fevralın 10-da Türkiyənin Ordu vilayətinin Ünye rayonunda sahildə naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Modern.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, xarici görnüşünə əsasən aparatın Rusiyada “Geran-2” adı ilə tanınan “Şahid” tipli kamikadze dronuna bənzədiyi bildirilib. Hadisədən bir gün sonra əraziyə SAS xüsusi təyinatlıları cəlb olunub.
Rəsmi açıqlamaya əsasən, PUA-nın daxilində partlayıcı maddə olmayıb. Aparat araşdırma aparılması üçün Ünye polis idarəsinə təhvil verilib.
Qeyd edək ki, son aylarda oxşar hadisələrin sayı artıb. Dekabrın 15-də Türkiyə hərbçiləri Qara dəniz üzərində naməlum PUA-nı “F-16” qırıcısı ilə vurublar. Dronun idarəetməni itirdiyi ehtimal edilsə də, hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.
Dekabrın 19-da isə “Orlan-10” tipli PUA İstanbul yaxınlığındakı Kocaeli vilayətində qəzaya uğrayıb. Növbəti gün daha bir pilotsuz aparat Balıkesir vilayətində açıq ərazidə tapılıb. (Yeni Şafak)