Çeçenistan rəhbəri Ramzan Kadırov Kremlə çağırılmadığını və milyarder Süleyman Kərimovla barışmağa məcbur edilmədiyini bildirib.
Modern.az xəbər verir ki, Çeçenistan rəhbəri Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdinin şərhlərinə öz media hesabında belə münasibət bildirib.
Ravil Qaynutdin bundan qabaq Kadırovla Kərimovun Vladimir Putinin dəvəti ilə Kremldə keçirilən görüşdə barışdığını bildirmişdi.
Çeçenistan rəhbəri Kərimovla "həmişə dostcasına və işgüzar münasibətlərdə olduğunu" bildirib.
"Bəli, şəxsi görüş və təkbətək söhbət tələb edən bəzi anlaşılmazlıqlar var idi və biz də Moskvada görüşəndə belə etdik. Görüşməyə qərar verdik, danışdıq, anlaşmaya gəldik və əl sıxdıq", - deyə Kadırov əlavə edib.
Xatırladaq ki, Ramzan Kadırov bir müddət öncə, Dağıstan əsilli milyarder Süleyman Kərimova "qan davası" elan etdiyini açıqlamışdı.