1 mart 2026-cı il tarixindən etibarən Gürcüstanda işləyən xarici vətəndaşların xüsusi iş icazəsi alması tələb olunacaq. Onların müəyyən peşələrdə işləməsi də məhdudlaşdırılacaq.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin məlumatında bildirilib.
Gürcüstanın elektron sistemində rəsmi olaraq 51.448 əcnəbi qeydiyyatdadır.
Qeydiyyatdan keçmiş əmək miqrantlarının 74%-i kişilər, 26%-i isə qadınlardır. Miqrantların ümumi sayının dörddə biri Rusiya, 13,3%-i Hindistan, 5600-ü Türkiyə və 4900-ü Belarus vətəndaşıdır.
Bundan əlavə, ölkədə 4000 Türkmənistan, 3000 Azərbaycan, 2900 Ukrayna, 2000 Çin, 1900 Qazaxıstan və 1300 İran vətəndaşı əmək miqrantı kimi qeydiyyatdan keçib.
1 mart tarixindən qüvvəyə minəcək yeni qaydalara əsasən, əcnəbilər Gürcüstanda işləmək və ya ölkədə ödənişli iş görmək üçün iş icazəsi almalıdırlar.
İcazə yalnız Gürcüstanda qanuni yaşayan əcnəbilərə veriləcək. Əgər əcnəbi Gürcüstanda qeydiyyatdan keçmiş yerli və ya beynəlxalq şirkətdə işləmək niyyətindədirsə, şirkət iş icazəsi üçün müraciət etməlidir.