Fevral ayında çəkilmiş peyk görüntüləri ABŞ qüvvələrinin istifadə etdiyi Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasında hərbi təyyarələrin sayının artdığını göstərir.
Modern.az xəbər verir ki, bu artım Vaşinqtonun İranla gərginlik fonunda bölgədə qüvvələrini gücləndirdiyi vaxta təsadüf edir.
Fevralın 21-də çəkilmiş yüksək keyfiyyətli görüntüdə bazada azı 43 təyyarə qeydə alınıb. Halbuki fevralın 17-də bu rəqəm 27 idi. Fevralın 25-də isə təyyarələrin sayı 38-ə düşüb. Təyyarələr arasında “Boeing KC-135 Stratotanker” yanacaqdaşıyanları və “Boeing E-3 Sentry” (AWACS) erkən xəbərdarlıq təyyarələri də var.
Pentaqon məsələ ilə bağlı şərh verməyib. Səudiyyə Ərəbistanı isə ötən ay İrana bildirib ki, öz hava məkanının Tehrana qarşı hərbi əməliyyatlarda istifadə olunmasına icazə verməyəcək.
Bu arada, Oman vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar davam edir. ABŞ Prezidenti Donald Tramp isə Tehranın yaxın günlərdə razılaşmaya gəlməli olduğunu, əks halda ciddi nəticələrlə üzləşəcəyini bildirib. (Reuters)