Tarixə xronoloji baxanda bir detal dərhal görünür: ABŞ-nin “hədəfli zərbə” strategiyası zamanla texnoloji cəhətdən dəyişib - işğal əməliyyatlarından pilotsuz dron zərbələrinə qədər.
Modern.az xronoloji ardıcıllıqla ABŞ əməliyyatları nəticəsində öldürülən və ya devrilməsi ABŞ müdaxiləsi ilə baş verən liderləri təqdim edir.
1989 – Manuel Noriega

1989-cu ildə ABŞ “Just Cause” əməliyyatı ilə Panamaya müdaxilə edib. Nəticədə, Prezident Manuel Noriega saxlanılaraq ABŞ-a aparılıb.
O, narkotik qaçaqmalçılığı və digər ittihamlarla ABŞ məhkəməsində mühakimə olunaraq, həbs edilib.
2003 - Səddam Hüseyn

ABŞ rəhbərliyində koalisiya qüvvələri 2003-cü ildə İraqa müdaxilə etdi. Səddam Hüseyn devrildi, həmin ilin dekabrında saxlanıldı və 2006-cı ildə İraq məhkəməsinin hökmü ilə edam edildi.
Onun ölümü birbaşa ABŞ tərəfindən həyata keçirilməsə də, hakimiyyətdən uzaqlaşdırılması Vaşinqtonun hərbi müdaxiləsinin nəticəsi idi.
2011 (may) – Osama bin Laden
![]()
2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat nəticəsində “Əl-Qaidə” lideri öldürüldü.
Əməliyyat Prezident Barack Obama administrasiyası dövründə həyata keçirildi və 11 sentyabr hücumlarına cavab kimi təqdim olundu.
2011 (sentyabr) – Ənvər Əl-Əvlaki

Yəməndə ABŞ pilotsuz uçuş aparatı ilə həyata keçirilən zərbə nəticəsində öldürüldü.
Bu hadisə xüsusilə mübahisəli idi, çünki əl-Əvlaki ABŞ vətəndaşı idi və məhkəməsiz hədəfə alınmışdı.
2011 (oktyabr) – Muəmmər Qəddafi

Liviya böhranı zamanı NATO qüvvələrinin (ABŞ daxil olmaqla) hava əməliyyatları nəticəsində rejim zəiflədi.
Qəddafi müxalif qüvvələr tərəfindən ələ keçirilib öldürüldü. ABŞ birbaşa qətli törətməsə də, hərbi müdaxilə rejimin süqutunda həlledici rol oynadı.
2026 (yanvar) - Nikolas Maduro

Venesuelanın keçmiş prezidenti, ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən 2026-cı il yanvarın 3-də ölkədən “ələ keçirildi” və ABŞ-da həbs edildi.
2026 (fevral) - İran ali lideri Seyyid Əli Xamenei

28 fevralda İsrail və ABŞ-nin İrana ani hərbi müdaxiləsi dünyanın əsas gündəminə çevrilib. ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində ölkənin ali rəhbəri Əli Xamenei öldürülüb. Bu məlumat İran Dövlət Televiziyası tərəfindən də təsdiqlənib.