Ermənistanın yeni Konstitusiyasının layihəsi demək olar ki, hazırdır, lakin onun preambula və birinci fəsli, eləcə də Baş nazirlə bağlı bir sıra məsələlər hələ müzakirə olunmayıb.
Modern.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, xatırladıb ki, yeni Konstitusiya layihəsi mart ayında ictimai müzakirəyə təqdim olunacaq.
Nazir əlavə edib ki, ilkin mətin hər hansı təklifə açıq olacaq.
Preambuladan keçmiş “Dağlıq Qarabağ”a iddianın çıxarılmasını zəruri hesab edib-etmədiyi soruşulduqda, nazir belə cavab verib:
"Hökumət hesab edir ki, Ermənistanın sülhü və ərazi bütövlüyü təhdid edilməməlidir", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, Konstitusiyada dəyişiklik proseduru ilə bağlı maddələr, eləcə də hökumət başçısı ilə bağlı bir sıra müddəalar da müzakirə olunmayıb.
Xatırladaq ki, 2025-ci ilin mart ayının sonlarında Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətinin 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlamışdı. Sonra əlavə etmişdi ki, komandası referendumun 2026-cı il parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğun olacağı qənaətindədir. O zaman Paşinyan Konstitusiyada dəyişiklik edilməsinin yalnız daxili siyasət məsələsi olduğunu, lakin bunun "regional və beynəlxalq təsirlərə" səbəb olmayacağını iddia etmişdi. 2025-ci ilin aprelində o, parlamentdə yeni Konstitusiyanın Bəyannaməyə istinad etməməli olduğunu bildirmişdi.
Qeyd edək ki, Azərbaycan rəsmi İrəvandan keçmiş “Dağlıq Qarabağ”a aid iddianın Ermənistan Konstitusiyasının preambulasından çıxarmağı tələb edib.
Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək.
Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş "Dağlıq Qarabağ" Ermənistanın bir hissəsi elan olunub.