Rusiya hökuməti 2000-ci il tarixli “Rusiya–Ermənistan vizasız səyahət haqqında” sazişə dəyişikliklərlə bağlı layihəni təsdiqləyib. Qərara əsasən, Ermənistan vətəndaşlarının Rusiyaya giriş qaydaları sərtləşdirilir.
Modern.az xəbər verir ki, yeniliklərə görə, Ermənistan vətəndaşları bundan sonra Rusiyaya yalnız pasportla – o cümlədən diplomatik pasportla daxil ola biləcəklər. Digər sənədlər sərhəd keçidi üçün məqbul hesab edilməyəcək.
Məlumata görə, dəyişikliklər İrəvanla razılaşdırılıb və nota mübadiləsi yolu ilə rəsmiləşdiriləcək.
Yenilənmiş siyahıya əsasən, Rusiyaya giriş üçün aşağıdakı sənədlər qüvvədə qalacaq:
- Ermənistan vətəndaşının pasportu;
- diplomatik pasport;
- Ermənistana qayıtmaq üçün şəhadətnamə (yalnız Rusiyadan çıxış zamanı, məsələn, pasportun itirilməsi halında).
Qeyd edək ki, indiyədək Ermənistan vətəndaşları Rusiyaya 16 yaşadək uşaqlar üçün doğum haqqında şəhadətnamə, hərbi və hüquq-mühafizə orqanlarının şəxsiyyət vəsiqələri, uçuş heyəti üzvünün vəsiqəsi, eləcə də dəmir yolu işçisinin vəsiqəsi ilə də səfər edə bilirdilər. Yeni dəyişikliklərlə bu sənədlər siyahıdan çıxarılıb.