İran mediasının yaydığı xəbərə görə, ölkə yaxın saatlar və ya günlər ərzində İslam Respublikasının yeni Ali liderinin seçilməsi ilə bağlı səsvermənin rəsmi nəticələrini açıqlamağa hazırlaşır.
Modern.az xəbər verir ki, Ali lider Ayətullah Əli Xameneinin ABŞ və İsrail hücumları nəticəsində həyatını itirməsindən sonra yeni rəhbərin müəyyənləşdirilməsi prosesi başlayıb. Açıqlamada vurğulanır ki, İran İslam sisteminin davamlılığını və birliyini nümayiş etdirməlidir.
Eyni zamanda, ABŞ və İsrail qüvvələrinin zərbə endirdiyi deyilən Qumdakı Ekspertlər Məclisinin binasında iclas keçirilməsi ilə bağlı yayılan məlumatlar təkzib olunub. Qeyd edilib ki, hücum faktı doğrudur, lakin həmin vaxt binada toplantı baş tutmayıb. Təhlükəsizlik baxımından iclasların məsafəli formatda və alternativ səsvermə üsulu ilə davam etdirildiyi bildirilib.
Məlumatlı mənbələr səsvermənin yekun mərhələdə olduğunu və yeni liderin adının tezliklə açıqlanacağını qeyd ediblər.