İran növbəti dəfə Türkiyəyə ballistik raket atıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan atılan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Qeyd edilib ki, təhlükə havada zərərsizləşdirildikdən sonra Qaziantepdə boş ərazilərə raket qəlpələri düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb.
"Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Türkiyənin bu mövzuda xəbərdarlıqlarına əməl edilməsi vacibdir",-Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bildirilib.
Qeyd edək ki, İran bundan əvvəl - martın 4-də də Türkiyəyə ballistik raket atmışdı. Türkiyə hava məkanına yönələn həmin raket də NATO qüvvələri tərəfindən vurulmuşdu.