Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran İranının Türkiyəyə yönələn növbəti raket hücumu ilə bağlı sosial şəbəkə hesabı üzərindən paylaşım edib.
Modern.az xəbər verir ki, o, Türkiyənin hava məkanını və sərhəd təhlükəsizliyini qorumaq iradəsi və qabiliyyətinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Hadisənin əvvəldən bütün qurumlar tərəfindən yaxından izlənildiyini və lazımi müdafiə və təhlükəsizlik tədbirlərinin dərhal həyata keçirildiyini bildirən Duran, bütün müvafiq bölmələrin, xüsusən də Milli Müdafiə Nazirliyinin bu çərçivədə tam koordinasiyalı şəkildə hərəkət etdiyini çatdırıb:
"Dövlətimizin Türkiyənin hava məkanını və sərhəd təhlükəsizliyini qorumaq iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir. Bölgədəki gərginliyin daha da artmasının və münaqişələrin daha geniş əraziyə yayılmasının qarşısını almaq son dərəcə vacibdir. Bütün tərəflərə, xüsusən də İrana regional təhlükəsizliyi təhdid edən və mülki şəxsləri təhlükəyə atan hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq edirik. Bu proses zamanı vətəndaşlarımızı və media qurumlarımızı panikaya və dezinformasiyaya səbəb ola biləcək təsdiqlənməmiş məzmuna qarşı həssas olmağa və yalnız rəsmi orqanlarımızın verdiyi açıqlamalara etibar etməyə çağırırıq".