Avropa hökumətləri Avropa Komissiyasının sədri Ursula von der Layeni ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günlərində öz səlahiyyətlərini aşmaqda ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri doqquz diplomat, Aİ rəsmisi və deputata istinadən yazır.
Bir neçə hökumət von der Layenin adətən Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın yerinə yetirməli olduğu rolu öz üzərinə götürməsindən narazıdır. Nəşrin yazdığına görə, hərbi əməliyyatların ilk günlərində Avropa Komissiyasının sədri Tehranda rejim dəyişikliyinə dəstək ifadə edib və Avropa İttifaqı ölkələrinin, eləcə də Körfəz dövlətlərinin liderləri ilə ən azı on telefon danışığı aparıb.
Mənbələrin sözlərinə görə, o, dəfələrlə Aİ üzv ölkələri arasında mövcud konsensusdan xeyli kənara çıxan ictimai açıqlamalar verib.
Diplomatlar bildiriblər ki, Avropa İttifaqının xarici siyasətinin koordinasiyası məhz Kaya Kallasın üzərinə düşür. Onun əsas vəzifəsi paytaxtlarla əlaqə saxlamaq və blok daxilində ümumi mövqenin formalaşdırılmasına nail olmaqdır, hətta bu proses çox vaxt yavaş və çətin olsa belə. Onların fikrincə, von der Layenin bu addımları Aİ-nin digər ölkələrlə münasibətlərində qarışıqlıq yarada bilər.