Rusiya İrana ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektləri barədə kəşfiyyat məlumatı ötürdüyü iddialarını təkzib edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
Onun sözlərinə görə, bu məsələ Donald Trampın bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında müzakirə olunub.
Uitkoff CNBC-yə müsahibəsində deyib ki, Rusiya tərəfi belə məlumatların paylaşılmadığını bildirib və bu mövqe Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakovla aparılan ayrıca danışıqda da təkrarlanıb.
Xüsusi nümayəndə əlavə edib ki, məsələni dəqiq qiymətləndirmək kəşfiyyat qurumlarının səlahiyyətindədir, lakin ABŞ tərəfi Rusiyanın həqiqətən belə məlumat ötürmədiyinə ümid edir.
Bundan əvvəl "The Washington Post" qəzeti Rusiyanın İrana ABŞ-ın Yaxın Şərqdəki hərbi gəmiləri və təyyarələrinin yerləşdiyi yerlərlə bağlı hədəf məlumatları verdiyini iddia etmişdi. Uitkoff həmçinin bildirib ki, gələn həftə İsrailə səfər edərək İranla bağlı hərbi planların koordinasiyasında iştirak edə bilər.