2-ci yazı
Bu gün ABŞ ilə Çin arasında gedən əsas qarşıdurma Tayvan boğazında, Cənubi Çin dənizində və ya ticarət tariflərində deyil. Əsas müharibə səssizdir, server otaqlarında gedir. Bu müharibənin adı süni intellekt (Sİ) uğrundadır ki, onun gizli yanacağı da enerjidir. Sİ artıq proqramçıların və startapların oyunu deyil; o, dövlətlərin taleyini müəyyən edən strateji infrastruktura çevrilib.
ABŞ bu reallığı erkən anladı. Çin isə gecikmədən cavab verdi. Nəticədə XXI əsrin ilk böyük texnoloji bloklaşması formalaşdı:
Hesablama Gücü + Enerji Sabitliyi + Dövlət Nəzarəti.
ABŞ üçün süni intellekt birbaşa milli təhlükəsizlik məsələsidir. ABŞ-ın müdafiə sənayesi, kəşfiyyat qurumları və böyük texnologiya şirkətləri eyni ekosistemdə işləyir. Pentaqonun Sİ layihələri, real zaman döyüş simulyasiyaları, peyk datalarının analizi və kiber-müdafiə sistemləri böyük miqdarda fasiləsiz enerji tələb edir. ABŞ burada iki dayağa söykənir:
–neft-qaz hasilatında liderlik;
–nüvə enerjisinin yenidən strateji status qazanması.
ABŞ üçün enerji bazar məsələ deyil, suverenlik məsələsidir. Data mərkəzləri üçün lazım olan elektrik enerjisi idxaldan asılı ola bilməz. Bu səbəbdən ABŞ həm daxili hasilatı artırır, həm də enerji ixracını geosiyasi alətə çevirir. Enerjini satan ölkə yalnız qaz satmır, o, alqoritmlərin işləməsinə icazə verir.
Çin isə fərqli model qurur. Onun üçün əsas problem enerji deyil, enerjiyə nəzarətidir. Çin dünyanın ən böyük data mərkəzi infrastrukturunu qurur, amma bunu tamamilə dövlət nəzarətində saxlayır. Ölkə süni intellekti liberal innovasiya sahəsi kimi deyil, planlı iqtisadiyyatın yeni mərhələsi kimi görür. Burada texnologiya azadlığı yox, strateji intizam ön plandadır.
Çinlilər enerji mənbələrini diversifikasiya edirlər: kömür, hidroenerji, nüvə və bərpa olunan enerji. Amma əsas fərq ondadır ki, onlar enerjini bazar qaydaları ilə deyil, siyasi qərarla bölüşdürürlər. Hansı süni intellekt layihəsinin nə qədər enerji alacağına bazar yox, dövlət qərar verir. Bu, sürətli miqyaslanma imkanı yaradır, amma elastikliyi azaldır. Süni intellekt layihəsi Bu da sürətlə böyümə fürsətləri yaradır.
Bu arşıdurmanın ən təhlükəli tərəfi ondan ibarətdir ki, süni intellekt yarışında qalib gəlmək üçün hər iki tərəf enerjini silahlaşdırır. ABŞ Çin texnologiyasına ixrac məhdudiyyətləri qoyur, çipləri bloklayır, yarımkeçirici istehsalını müttəfiq ölkələrə çəkir. Çin isə cavab olaraq nadir torpaq elementlərini, istehsal zəncirlərini və enerji layihələrini geosiyasi rıçağa çevirir.
Baş verənlərə klassik soyuq müharibə demək doğru olmaz. Çünki burada ideologiya yoxdur, alqoritm var, burada əsas rolu raketlər oynamır, həlledici olan data axınıdır. Amma nəticə eynidir: dünya iki texnoloji ekosistemə bölünür. Birində “enerji + süni intellekt + bazar azadlığı”, digərində “enerji + süni intellekt + dövlət planlaması” var.
Bu qarşıdurmanın Venesuela, Yaxın Şərq, Afrika və Mərkəzi Asiya ilə birbaşa əlaqəsi var. Çünki gələcəyin süni intellekt gücü üçün lazım olan enerji bu regionlardan gəlir. ABŞ üçün bu regionlar enerji təhlükəsizliyinin xarici halqasıdır. Çin üçün isə enerji layihələri “Bir kəmər, bir yol” strategiyasının onurğa sütunudur.
Ən kritik məqam budur ki, süni intellekt ucuz enerji olmadan demokratiya da, avtoritarizm də istehsal edə bilməz. Ona görə də bu qarşıdurma sadəcə ABŞ ilə Çin arasında deyil. Bu, bütün ölkələrə veriləcək sualdır: “Sən enerjini idarə edirsən, yoxsa enerji səni?”.
Bir sözlə, ABŞ və Çin süni intellekt uğrunda yarışmır, onlar gələcəyin enerji üzərində qurulmuş idarəetmə modelini müəyyənləşdirirlər. Süni intellekt sadəcə vitrindir. Əsas məsələ onun arxasındakı enerji üzərində hakimiyyətdir.
(ardı var)