Modern.az

İranın dirəniş sirri: "çoxbaşlı əjdaha" taktikası

İranın dirəniş sirri: "çoxbaşlı əjdaha" taktikası

Dünya

Bu gün, 14:06

İranda hakimiyyət strukturu rejimin dəfələrlə sarsılmasına baxmayaraq ayaqda qalmağa hesablanıb. Mövcud İran hakimiyyəti düşünülmüş və bu mərhələni nəzərə alaraq qeyri-adi idarəetmə modeli qurub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 1979-cu ildə baş vermiş İslam İnqilabından sonra İran ilk dəfədir ki, siyasi hakimiyyətinin çöküşü riski ilə üz-üzədir.

28 fevraldan etibarən başlanan ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində Ali Rəhbər Ayətulla Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi komandirlər həlak olub, toplam ölü sayı 1200-dən çoxdur. Yaralananların sayı 12 minə çatıb. Həmçinin ölkənin infrastrukturu zərər görüb.

ABŞ və İsrail bildirib ki, məqsədləri rejimi dəyişdirməkdir və iranlıları öz hökumətlərini devirməyə çağırıblar.

İran hakimiyyəti sistemi Yaxın Şərqin digər ölkələrinin idarəçilik strukturundan nə ilə fərqlənir?

Belçika Avropa Geosiyasi İnstitutunun Yaxın Şərq tədqiqatçısı Sebastyen Bussua İran hakimiyyətinin belə təşkilinə “Hidra (çoxbaşlı əjdaha) strukturu” adını verib.

Bu sistem sərt nəzarət olunan dövlət institutlarını, ideoloji təbliğatı, elitar təbəqənin birliyini və parçalanmış müxalifəti birləşdirir.

 

Ekspertlər bildirirlər ki, Tunis, Misir və Suriya kimi ölkələrdən fərqli olaraq, İranda hakimiyyət xarici sarsıntılara qarşı daha davamlıdır. Bunun səbəbi onun ideoloji motivasiyaya əsaslanan təhlükəsizlik strukturları sistemidir.

Fransa institutunun direktoru Bernard Urkad İranın tədqiqi fonunda bildirib ki, tipik bir diktatura, adətən, bir liderin ətrafında cəmləşir, amma İranda əksinə, “polidiktatura” sistemi fəaliyyət göstərir. Bu, siyasi İslamın tərəfdarları ilə sərt İran milliyyətçiliyinin tərəfdarlarının birliyi deməkdir.

Hakimiyyət bir neçə mərkəz arasında bölünüb — dini orqanlar, silahlı qüvvələr və iri iqtisadi sektorlar. Buna görə də sistemi tək lider diktaturası ilə müqayisədə daha çətin devirmək olur.

Əhəmiyyətli orqanlardan biri də Konstitusiyanı Mühafizə Şurasıdır. Bu Şura qanunları bloklaya və seçkilərdə namizədləri xaric edə bilər. Bu isə hər hansı bir qrupun dövlətə ciddi meydan oxuma ehtimalını azaldır.

İran avtoritar dövlət hesab olunsa da, vətəndaşlara simvolik səviyyədə seçkilərdə, o cümlədən prezident seçkilərində səs vermək imkanı verilir. Lakin proses sərt nəzarət olunur: namizədlər Konstitusiyanı Mühafizə Şurası tərəfindən yoxlanılır və İslam Respublikasına yetərincə bağlı olmayanlar bloklanır.

İranda dövlət institutları rejimin «sümükləri», silahlı strukturlar isə onun «əzələləri» sayılır.

İslam İnqilabı Korpusu Keşikçiləri dominant qüvvə sayılan hərbi təşkilatdır. Raket və pilotsuz uçuş proqramlarını idarə edir və əsas regional əməliyyatları həyata keçirir.

Bu hərbi təşkilat həm də güclü siyasi və iqtisadi təsirə malikdir. "Bəsic" adlı könüllü hərbi qüvvələr vasitəsilə biznes və nüfuz sahəsinə də sahibdir.

Qeyd edək ki, hərbi birləşmələrdə şəhidlik ideologiyası güclü təsirə malikdir.

Komandir iyerarxiyasında 3 səviyyə aşağıya qədər müstəqil komandir (zəruri şəraitdə) təyin olunur ki, idarəetmənin fasiləsizliyi təmin edilsin.

Proqnoz verilir ki, rejim yaşayarsa, təşkilatın səlahiyyətləri daha da artacaq.

İran iqtisadiyyatının böyük hissəsi dövlətlə əlaqəli qurumların, o cümlədən xeyriyyə fondlarının nəzarəti altındadır. Zamanla bu fondlar iqtisadiyyatın müxtəlif sahələrində minlərlə şirkətə sahib olan böyük strukturlara çevrilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun iqtisadi sistemdə də biznes rolu var.

Qərb sanksiyaları ümumilikdə İran iqtisadiyyatına ciddi zərbə vursa da, ekspertlərin fikrincə, bu cür strukturlar elitanı qorumağa və onların mövcud sistemin yaşamasında maraqlı qalmasına kömək edir.

Ölkədə dini amillər də hakimiyyəti qorumaqda mühüm rol oynayır.

İnqilab dini, siyasi və təhsil institutlarının möhkəm şəbəkəsini yaradıb və bu institutlar hələ də dövlət ideologiyasını formalaşdırır.

İran müxalifəti pərakəndə halda mövcud olub. Müxalifətə islahatçılar, monarxistlər, solçu qruplar, diaspor hərəkatları (məsələn, İran Milli Müqavimət Şurası) və müxtəlif etnik təşkilatlar daxildir. İnqilabdan sonra İran-İraq müharibəsi (1980–1988) səbəbindən siyasi partiyaların yaradılması ikinci plana keçdi, əsasən

Son illərdə ölkədə bir sıra etiraz aksiyaları baş verib:

2009-cu ilin Yaşıl Hərəkatı

2022-ci ildə Mahsa Amininin ölümü ilə başlayan nümayişlər

Lakin bu etirazlar vahid rəhbərliyə malik deyildi və hakimiyyət tərəfindən sərt şəkildə yatırılıb. Güclü etiraz dalğası ötən il və bu il oldu. İddialar var ki, son şahın oğlu xaricdən ixtisaslara təkan verib. Hakimiyyət internet üzərində ciddi nəzarət aparır. Süni intellekt əsaslı izləmə sistemlərindən və kiber bölmələrdən istifadə edərək xaricdəki fəalları təqib edir.

İllərlə iranlılar ABŞ-ın Əfqanıstan və İraqdakı hərbi müdaxilələrinin nəticələrini izlədiklərinə görə rejimin dəyişdirilməsini tələb etməyə qorxurdular. “Ərəb Baharı” hadisələri də bu ehtiyatı artırdı. Lakin indi bir çox iranlı hesab edir ki, dövlət əsas ehtiyacları təmin etməkdə (iş yerləri, təmiz su) qeyri-kafidir və etirazları yatırmaq üçün get-gedə daha çox sərt güc tətbiq edir. Yanvar ayında baş verən yeni etiraz dalğasının amansız yatırılması, minlərlə nümayişçinin öldürülməsi ilə bu narazılığı daha da gücləndirib.

Analitiklər qeyd edirlər ki, avtoritar rejimlər adətən üç şərait eyni vaxtda baş verdikdə sona çatır:

Kütləvi xalq mobilizasiyası;

Hakim elitanın parçalanması;

Silahlı strukturların müxalifət tərəfinə keçməsi.

Keçmişdə İran tez-tez birinci amillə qarşılaşıb, lakin ekspertlərin sözlərinə görə, digər iki amil demək olar ki, müşahidə olunmayıb.

 

Sizə yeni x var
Keçid et
İran Türkiyəni vurmaq istədi - Raket səmada məhv edildi