Türkiyə ayın əvvəlindən bəri hava məkanında ələ keçirilən üç İran ballistik raketinin buraxılması yerlərini müəyyən edib.
Modern.az STAR qəzetinə istinadən xəbər verir ki, Tehranın raket hücumlarında iştirak etmədiyi ilə bağlı açıqlamalarına baxmayaraq, Ankara ilk raketin martın 4-də Tehranın şimal-şərqindən atıldığına dair açıq məlumatlar əldə edib. İkinci ballistik raket martın 9-da İran paytaxtının qərbindən, üçüncüsü isə martın 13-də Tehranın şimal-qərbindən atılıb.
“Raketlərin buraxılması əsasən İİKK qüvvələrinin yerləşdiyi ərazilərdən həyata keçirilib. Məqsəd, ehtimal ki, “İncirlik” aviabazası, həmçinin Tehranın fikrincə, İran ordusunun hərəkətlərini izləyən NATO-nun “Kürəcik” radarı olub”, - deyə qəzet yazır.
Nəşr Ankaradakı təhlükəsizlik mənbələrinə istinadən qeyd edir ki, İran tərəfinə Türkiyənin ballistik raketlərin ələ keçirilməsinə “təmkinli yanaşmasının” hadisəyə “məhdudiyyətsiz tolerantlıq nümayişi” kimi qəbul edilməməli olduğu barədə açıq bir siqnal verilib. “Türkiyə milli təhlükəsizliyi təmin etmək üçün kifayət qədər gücə malikdir və şübhə etmədən bütün zəruri tədbirləri görəcək”, - deyə nəşr Ankaradakı mənbələrin mövqeyinə istinadən bildirib.
Həmçinin qeyd olunur ki, gərginliyin artması fonunda İran ölkəni biri-birindən asılı olmadan hərbi əməliyyat aparan yeddi-səkkiz məsuliyyət zonasına bölünməsini nəzərdə tutan “mozaikalı təhlükəsizlik sistemi”nə keçib. “Bu o deməkdir ki, istənilən qruplardan biri qonşu dövlətlərə hücumlarda iştirakını inkar edə bilər. İran İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və digər ölkələrə hücumlardan sonra məhz belə hərəkət etdi “, - deyə nəşrdə daha sonra bildirilir. (Azərtac)