Modern.az

Tramp Hörmüzlə bağlı dünyaya ÇAĞIRIŞ ETDİ

Tramp Hörmüzlə bağlı dünyaya ÇAĞIRIŞ ETDİ

Dünya

14 Mart 2026, 23:40

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı ard-arda iki açıqlama yayıb.

Modern.az-ın məlumatına görə, o, sosial media hesabında bildirib ki, ABŞ İranı həm hərbi, həm də iqtisadi baxımdan tam şəkildə məğlub edib.

Trampın sözlərinə görə, buna baxmayaraq, Tehran hələ də Hörmüz boğazında təhlükə yarada bilər. O qeyd edib ki, İranın dronlar göndərməsi, suya mina yerləşdirməsi və ya qısa mənzilli raket zərbələri endirməsi kimi addımlar atması mümkündür. ABŞ prezidenti bildirib ki, Vaşinqton bu təhlükənin qarşısını almaq üçün bölgədə hərbi fəaliyyətini davam etdirəcək.

ABŞ lideri həmçinin bəyan edib ki, Hörmüz boğazının açıq və təhlükəsiz qalması üçün bir sıra ölkələr ABŞ-la birlikdə bölgəyə hərbi gəmilər göndərməlidir. Tramp xüsusilə Çin, Fransa, Cənubi Koreya, Yaponiya və Britaniya kimi ölkələrin də bu prosesə qoşulacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, neft daşımalarının əsas marşrutlarından biri olan bu boğazın təhlükəsizliyi yalnız ABŞ-ın deyil, bütün dünya ölkələrinin marağındadır.

Tramp əlavə edib ki, ABŞ bölgədəki İran hərbi obyektlərinə və sahil xəttinə zərbələri davam etdirəcək və İranın hərbi qayıqları ilə gəmilərinin fəaliyyətinin qarşısını almaq üçün tədbirlər görəcək. O vurğulayıb ki, Vaşinqton Hörmüz boğazının “açıq, təhlükəsiz və azad” qalmasını təmin etmək niyyətindədir.

Ekspertlər hesab edirlər ki, ABŞ prezidentinin bu açıqlamaları əslində Hörmüz boğazının bağlanmasından ən çox zərər görən ölkələrə bir növ çağırış xarakteri daşıyır. Tramp Vaşinqtonun təkbaşına məsuliyyət daşımaq istəmədiyini və enerji təhlükəsizliyindən faydalanan dövlətlərin də məsuliyyət bölüşməli olduğunu düşünür.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi strateji marşrutlardan biridir. Bu səbəbdən boğazın bağlanması və ya təhlükə altına düşməsi qlobal enerji bazarlarında ciddi şok yarada, neft qiymətlərini kəskin artıra və geniş beynəlxalq böhran riskini ortaya çıxara bilər. Ekspertlərin fikrincə, Trampın mesajı ondan ibarətdir ki, əgər digər böyük iqtisadiyyatlar da prosesə qoşulmasa, böhranın nəticələri bütün dünya üçün ağır ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?