Türkiyənin Burdur əyalətinin sakini Qamze Gökçeye qarşı vətəndaşların dini hisslərini təhqir etmək barədə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə həbs olunub.
Modern.az xəbər verir ki, özünü “yazıçı” adlandıran Gökçe sosial mediada müsəlmanların müqəddəs Ramazan ayını tənqid edən, insanları namazdan çəkinməyə çağıran və orucun “mənasız” olduğunu bildirən video paylaşıb.
Qamzenin Qurban bayramı zamanı heyvanların kəsilməsinin “lazımsız qətl ayini” olduğu barədə iddiası da sosial media istifadəçilərinin tənqidinə səbəb olub. O, həmçinin bu paylaşım ilə bağlı qəzəb dolu şərhlər yazan insanları təhqir edib.
Gökçenin həbs qərarı martın 15-də, İslamofobiya ilə Mübarizə Günündə verilib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bazar günü müvafiq açıqlama verib. Nazir cəmiyyətdə, o cümlədən dini zəmində nifaq salmaq cəhdlərinin yolverilməzliyini vurğulayıb və islamofobiya təzahürlərini pisləyib.