İranın Şiraz şəhərində İnqilab Keşikçiləri Korpusunun nəzarətində fəaliyyət göstərən “Bəsic” qüvvələrinin “Fəcr” bölməsinin rəhbəri briqada generalı İbrahim Murtəzəvi-Nəsəb silahlı hücum nəticəsində öldürülüb.
Modern.az İran mediasının yaydığı məlumata istinadən xəbər verir ki, hadisə zamanı Murtəzəvi-Nəsəblə birlikdə onun bir neçə tabeliyində olan şəxs də həyatını itirib. Bildirilir ki, hücum naməlum silahlı şəxslər tərəfindən həyata keçirilib.
İbrahim Murtəzəvi-Nəsəb son illərdə Şiraz və ətraf şəhərlərdə keçirilən etiraz aksiyalarının sərt şəkildə dağıdılması əməliyyatlarına rəhbərlik edib. Bu səbəbdən onun adı tez-tez etirazçılara qarşı zorakılıq tətbiqi ilə əlaqələndirilirdi və regionun təhlükəsizlik strukturlarında əsas fiqurlardan biri hesab olunurdu.
Hadisədən sonra Şirazda internetin tamamilə kəsildiyi, mobil rabitənin isə ciddi problemlərlə işlədiyi bildirilir.