Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Bu seçkilərdə ölkənin 9-cu çağırış Milli Məclisinin tərkibi formalaşacaq. Rəsmi məlumatlara görə, səsvermədə iştirak etmək hüququ olan vətəndaşların ümumi sayı 2 milyon 489 mindən çoxdur.
Seçkilər proporsional sistem üzrə keçiriləcək və deputatlar yalnız partiya siyahıları vasitəsilə seçiləcək. Ermənistan Konstitusiyasına əsasən parlamentin minimum tərkibi 101 deputatdan ibarət olacaq və seçilən Milli Məclis 5 il müddətinə fəaliyyət göstərəcək.
Bu gün Ermənistanın sabiq prezidenti Robert Köçəryan baş nazir postuna namizəd olduğunu açıqlayıb.
Modern.az bildirir ki, seçkilərdə hazırkı baş nazir, “Mülki Müqavilə” partiyasının lideri Nikol Paşinyan yenidən baş nazir postuna əsas namizəd kimi iştirak edəcək. Ona qarşı əsas siyasi rəqiblər bir neçə fərqli siyasi düşərgəni təmsil edən tanınmış siyasətçilərdir.
Köçəryanım blokunun tərkibində Daşnaksütyun da yer alır.
Digər siyasi ittifaqda isə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyan və “Ana Ermənistan” hərəkatının rəhbəri Andranik Tevanyan birlikdə seçkilərə qatılmaq niyyətlərini açıqlayıblar. Bu ittifaqa “Demokratik Alternativ” partiyası da qoşulub.
Seçkilərdə iştirak edəcək digər siyasi qüvvələrdən biri “Respublika” partiyasıdır. Partiyanın lideri və Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan baş nazirliyə namizəd kimi irəli sürülüb.
Yeni siyasi qüvvələrdən hesab olunan “Birliyin Qanadları” partiyası isə seçkilərdə keçmiş ombudsman Arman Tatoyanı baş nazir postuna namizəd kimi təqdim edib.
Eyni zamanda Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın siyasi düşərgəsinə yaxın olan Ermənistan Milli Konqresi seçkilərdə iştirak edəcək və baş nazirliyə namizəd kimi Levon Zurabyanı irəli sürüb.
Seçkilərə qatılacağını açıqlayan digər yeni siyasi qüvvə “Güclü Ermənistan” partiyasıdır. Partiya baş nazir postuna biznesmen Samvel Karapetyanı namizəd göstərib.