Yunanıstan hakimiyyəti 15 yaşdan aşağı uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrin istifadəsinə qadağa tətbiq etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kiriakos Mitsotakis “Bloomberg” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müvafiq təklif yaxın həftələrdə rəsmi şəkildə təqdim olunacaq. Baş nazir qeyd edib ki, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək uşaqların psixi sağlamlığına ciddi zərər vurur və bu barədə kifayət qədər elmi sübutlar mövcuddur.
Mitsotakis ümid etdiyini bildirib ki, gələcəkdə Avropa İttifaqı bu məsələ ilə bağlı vahid yanaşma formalaşdıracaq. O, həmçinin belə tənzimləmələrin ABŞ-la, xüsusilə də Donald Tramp ilə fikir ayrılığı yarada biləcəyini vurğulayıb. Tramp daha əvvəl Avropa İttifaqının Amerika texnologiya şirkətlərinə qarşı tətbiq etdiyi məhdudiyyətləri tənqid etmişdi.
“Bu platformalara açıq şəkildə deməliyik: siz artıq kifayət qədər pul qazanırsınız. Uşaqlarımız hesabına daha çox qazanc əldə etməyə ehtiyac yoxdur”, – deyə Yunanıstan hökumət başçısı əlavə edib.
Qeyd edək ki, oxşar addımlar bir sıra ölkələrdə də müzakirə olunur. Avstraliya artıq 2025-ci ilin dekabrından 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə məhdudiyyət tətbiq edib. Azərbaycan da oxşar addımı atıb. Digər Avropa və Asiya ölkələrində də bu istiqamətdə müzakirələr davam edir.