İran ABŞ-İsrail koalisiyası ilə müharibənin başa çatması üçün şərtlər irəli sürüb.
Modern.az xəbər verir ki, İran İslam Respublikasının Ali Lideri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezai Fars xəbər agentliyinə verdiyi açıqlamasında İranın bütün iqtisadi sanksiyalar tamamilə ləğv olunana qədər hərbi əməliyyatları davam etdirəcəyini qeyd edib.
Rezainin sözlərinə görə, Tehran həmçinin tam kompensasiya və ABŞ-ın ölkənin daxili işlərinə müdaxilə etməməsinə dair beynəlxalq zəmanət tələb edir. O, qarşıdurmanın davam etdirilməsi qərarının xalqın, Ali Liderin və silahlı qüvvələrin iradəsindən asılı olduğunu da diqqətə çatdırıb.
Müşavir qeyd edib ki, müharibə şərtlər tam yerinə yetirilənə qədər davam edəcək.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı 28 fevralda başlayıb. Tehran cavab tədbirləri görür və Fars körfəzi bölgəsində vəziyyət gərgin olaraq qalır.