ABŞ Demokratlar Partiyasından olan nümayəndə Yasəmin Ənsari (Arizona ştatı) Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment təşəbbüsü ilə Nümayəndələr Palatasına müraciət etməyi planlaşdırdığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Ənsarinin sözlərinə görə, bu addım Heqsetin İranda ABŞ-nin hərbi əməliyyatlarına rəhbərlik etməsi ilə bağlı ola bilər. Portalın istinad etdiyi ictimai rəy sorğularına əsasən, Heqset ABŞ administrasiyasının ən az populyar üzvlərindən biri hesab olunur və Yaxın Şərqdəki münaqişənin artan xərcləri onun ictimai imicinə mənfi təsir göstərir.
Qeyd olunur ki, ABŞ-nin baş prokuroru Pem Bondi və daxili işlər naziri Kristi Noemin istefalarından sonra Pentaqon rəhbəri demokratların növbəti siyasi hədəfinə çevrilə bilər.
Axios-un sitat gətirdiyi Ənsari bildirib ki, Heqsetə qarşı impiçment təşəbbüsünün əsas səbəblərindən biri də onun “vəzifə andını və Konstitusiya qarşısındakı öhdəliklərini dəfələrlə pozmasıdır”.