Modern.az

Putinlə yenidən görüşəcəm - Paşinyan

Putinlə yenidən görüşəcəm - Paşinyan

Dünya

Bu gün, 13:22

“Mənim Vladimir Putinlə heç bir gizli görüşüm olmayıb. Sadəcə işgüzar nahar olub”.

Modern.az xəbər verir ki, bunu aprelin 9-da hökumətin iclasından sonra keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Pashinyan, onun Moskvaya son səfərindən sonra səsləndirilən tənqidi fikirlərə münasibət bildirərkən deyib.

“Biz həmişə olduğu kimi nahar etdik və dostcasına söhbət apardıq. Daha əvvəl də dediyim kimi, bu səfəri çox müsbət qiymətləndirirəm. Qalanlar isə öz fikirlərində sərbəstdirlər”, – deyə Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, onlar artıq gələcək görüşlər və tədbirlər barədə razılığa da gəliblər.

2026-cı ilin iyun ayının ikinci yarısında Ermənistan və Rusiya arasında yeni yüksək səviyyəli görüş planlaşdırılıb (parlament seçkiləri 7 iyunda keçiriləcək – red.). 

Onun sözlərinə görə, Moskvaya son səfəri çərçivəsində rəsmi danışıqlarla yanaşı, Vladimir Putin ilə işgüzar şam yeməyi də baş tutub. Paşinyan qeyd edib ki, söhbət dostluq mühitində keçib.

“Dediyim kimi, bu səfəri çox uğurlu hesab edirəm. Qalanları isə öz qiymətləndirmələrində sərbəstdirlər. Təkbətək görüşə gəlincə, biz artıq gələcək əlaqələr və tədbirlər, o cümlədən iyunun ikinci yarısında yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”, — deyə baş nazir bildirib.

Baş nazir əlavə edib ki, görüş zamanı müzakirə olunan məsələlər barədə o, əvvəllər müxtəlif platformalarda artıq açıq şəkildə danışıb.

“Hazırda Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir və mən bu prosesi müsbət qiymətləndirirəm. Biz dostluq dialoqu məntiqi ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, — deyə Paşinyan vurğulayıb.

Paşinyan həmçinin Ermənistanın Avrasiya iqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə dair mövqeyini də şərh edib. Onun sözlərinə görə, bu iki istiqamətdə siyasəti paralel aparmaq mümkün olduğu müddətdə Ermənistan bu kursu davam etdirəcək. Uyğunsuzluq yaranacağı halda isə qərar ölkə vətəndaşları ilə birlikdə veriləcək.

“Hələ ki, belə bir məqam yetişməyib və əlavə şərh verməyə ehtiyac görmürəm”, — deyə o bildirib.

Qeyd edək ki, aprelin 1-də Moskvada Nikol Paşinyan ilə Vladimir Putin arasında danışıqlar keçirilib. Görüş zamanı Putin İrəvanda Aİ ilə münasibətlər barədə gedən müzakirələri gördüklərini və buna sakit yanaşdıqlarını bildirib. Bununla yanaşı, o açıq şəkildə qeyd edib ki, Ermənistanın eyni vaxtda həm Aİ-də, həm də Aİİ-də üzv olması mümkün deyil. Paşinyan isə öz növbəsində vurğulayıb ki, Ermənistan Aİİ üzvlüyünün Aİ üzvlüyü ilə uyğun olmadığını anlayır, lakin hələlik bu proseslər seçim edilməli həddə çatmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada