İrlandiya hökuməti ölkə üzrə etiraz aksiyalarına qatılan fermerlər və yük maşını sürücülərinə qarşı ordunun cəlb olunduğunu açıqlayıb.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyada ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda yanacaq qiymətlərinin artmasına etiraz olaraq aksiyalar artıq üçüncü gündür davam edir.
Etirazçılar yolları və yanacaq anbarlarını bloklayaraq nəqliyyatın fəaliyyətini, tibb müəssisələrinin işini və yanacaq təchizatını pozurlar.
Polis və hərbçilər blokadaların dağıdılması üçün cəlb olunub. Rəsmilər xəbərdarlıq ediblər ki, təxliyə edilən nəqliyyat vasitələrinin sahibləri dəymiş zərərlə bağlı şikayət etməməlidirlər və qanunsuz hərəkətlərə görə məsuliyyət nəzərdə tutulur.
Etirazçılar karbon vergisinin ləğvini və hökumətin müdaxilə edərək dizel və benzinin qiymətlərinin aşağı salınmasını tələb edirlər. Hazırda yanacağın qiyməti rekord səviyyəyə - dizel üzrə 2,14 avro, benzin üzrə isə 1,91 avroya çatıb.
Etirazçılardan biri bildirib: “Qiymətlərə məhdudiyyət qoyulmalıdır. Karbon vergisi ləğv edilməlidir. Hökumət müdaxilə edib bizə kömək etməlidir, çünki bu vəziyyət davamlı deyil".