ABŞ və İran nümayəndə heyətlərinin yerləşəcəyi İslamabaddakı "Serena" oteli bazar günü axşamına qədər dolu olacaq. Hələlik danışıqlar üçün müəyyən bir cədvəl yoxdur.
Modern.az xəbər verir ki, bu açıqlamanı "The Guardian" qəzeti mənbələrə istinadən yayıb.
"Nümayəndə heyətlərinin gəlişini gözləyərək otaqları boşaldırıq və yoxlayırıq", - deyə otel işçisi bildirib. O əlavə edib ki, hələlik "Serena" otelinin danışıqlar üçün rəsmi məkan kimi xidmət edib-etməyəcəyini bilmir.
8 apreldə ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. O bildirib ki, tərəflər mübahisəli məsələlərin əksəriyyətini həll ediblər və İranın 10 bəndlik təklifləri gələcək danışıqlar üçün "əsas" hesab olunur. Bunlara İranın Hörmüz boğazına nəzarəti, İran torpağında uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi və ABŞ qüvvələrinin bölgədən çıxarılması kimi məsələlər daxildir. Pakistanın Baş naziri Şahbaz Şərif tərəflər arasında vasitəçi kimi çıxış edərək nümayəndə heyətlərini İslamabada dəvət edib.