TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin tikinti mərhələsində Ermənistanın üçüncü ölkələrdən tərəfdaşlara ehtiyacı olacaq.
Modern.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında bildirib.
O, ABŞ Dövlət Departamentinin Ermənistanın layihəni həyata keçirmək üçün Vaşinqton və üçüncü ölkələrlə işlədiyinə dair açıqlamasını şərh edərkən bildirib.
"Tezliklə növbəti mərhələyə - tikintiyə keçməyi ümid edirik. Bu mərhələdə bizə üçüncü ölkələrdən tərəfdaşlar lazımdır. Sazişin özü Ermənistan və ABŞ arasında ikitərəfli olacaq, lakin tikinti prosesi zamanı və çox güman ki, sistemin idarə olunması mərhələsində daha geniş beynəlxalq iştirak tələb olunacaq", - Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə işlər intensiv şəkildə davam edir və hazırda hökumətlərarası sazişin razılaşdırılması prosesindədir. Nazir əlavə edib ki, layihə Çindən Portuqaliyaya, eləcə də Yaxın Şərqə qədər geniş ölkələr üçün maraq doğurur.
TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi Ermənistanın Zəngəzur vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Vurğulanır ki, bu, yalnız Ermənistan yurisdiksiyası daxilində fəaliyyət göstərəcək və ölkənin suverenliyinə təsir göstərməyəcək.
Təşəbbüs iqtisadi xarakter daşıyır və dəmir yolu, avtomobil yolu, neft kəməri, qaz kəməri və fiber-optik rabitə xətlərinin tikintisini əhatə edir. Layihə Ermənistan qanunvericiliyinə uyğun olaraq, hərbi komponent olmadan Amerika şirkəti tərəfindən həyata keçiriləcək.
Plana əsasən, ABŞ layihəni 99 ilə qədər həyata keçirmək üçün eksklüziv hüquqlar əldə edəcək və ayrı-ayrı hissələri infrastrukturun inkişafı və təhlükəsiz istismarından məsul olacaq beynəlxalq konsorsiuma subicarəyə vermək seçimi olacaq.