Modern.az

Avropa İranda Amerikaya bədəl ödətdirir – YENİ FAKTLAR

Avropa İranda Amerikaya bədəl ödətdirir – YENİ FAKTLAR

Dünya

Bu gün, 19:02

İslamabad görüşündən sonra formalaşan hərbi-siyasi mənzərə qlobal sistemin dərin transformasiya mərhələsinə daxil olduğunu açıq şəkildə göstərir. Əslində bu görüşü beynəlxalq münasibətlər sistemində yeni konfiqurasiyanın başlanğıcı kimi  də qiymətləndirmək olar. Ən diqqətçəkən məqam isə odur ki, bu dəfə proseslərin mərkəzində Amerika Birləşmiş Ştatları ilə İran görünsə də, ümumən prosesdə Avropa, Çin, Rusiya və Yaxın Şərq aktorları dayanır. Dünya siyasətində çoxqütblülük tendensiyası dərinləşir. Klassik hegemonluq modeli sanki ciddi şəkildə zədələnir. Qlobal güc balansı yenidən yazılır. Bu kontekstdə Avropanın davranışı xüsusi diqqət çəkir. Əslində baş verənləri müəyyən mənada Avropanın Amerikaya verdiyi geosiyasi dərs kimi də qiymətləndirmək olar.

Rusiya-Ukrayna müharibəsi zamanı Vaşinqtonun sərgilədiyi hegemon ritorika indi özünə qarşı işləməyə başlayıb. ABŞ açıq şəkildə Avropanı ikinci dərəcəli aktor kimi təqdim edir, onların təhlükəsizlik arxitekturasının yalnız Amerika üzərindən mümkün olduğunu vurğulayırdı. Hətta müəyyən mənada Avropanı “strateji asılılıq zonası” kimi aşağılayırdı. Bu isə transatlantik münasibətlərdə psixoloji qırılma yaratdı. İndi isə həmin ritorikanın bədəli ödənilir. Avropa bu dəfə daha ehtiyatlı və selektiv siyasət yürüdür. ABŞ-nin İranla qarşıdurma xəttinə tam şəkildə qoşulmur. Bu isə kollektiv Qərb daxilində parçalanmanın açıq indikatorudur. NATO daxilində konsensus zəifləyib. Avropa artıq Vaşinqtonun hər addımını avtomatik dəstəkləmir. Bu, yeni siyasi realizmin formalaşdığını göstərir. ABŞ-nin təkqütblü liderlik iddiaları isə getdikcə daha çox sual altına düşür.

Bu fonda ABŞ siyasətinin xaotik xarakter alması barədə fikirlər də güclənir. Bəzi analitiklər bunu metaforik şəkildə “Amerika siyasətinin koronavirus tutması” kimi ifadə edirlər. Yəni sistem qızdırma içindədri, daxilində koordinasiya pozulub, qərarvermə mexanizmləri ziddiyyətlidir. Vaşinqton eyni anda bir neçə istiqamətdə gərginlik yaradır, lakin bu gərginlikləri idarə etməkdə çətinlik çəkir. Bu isə strateji resursların dağılmasına səbəb olur. Nəticədə ABŞ əvvəlki kimi effektiv qlobal menecer rolunu oynaya bilmir. Hörmüz boğazı ətrafında baş verənlər isə bu xaotik siyasətin ən bariz nümunəsidir. İslamabad görüşündən sonra Trampın boğazı bağlamaqla bağlı bəyanatları səslənsə də reallıqda bu su yolu artıq İranın təsir dairəsində idi və onsuz da İran bu yolu bağlamışdı. İran uzun müddətdir ki, bu strateji keçid üzərində qeyri-rəsmi nəzarət mexanizmləri qurub. ABŞ isə bu nəzarəti zəiflətmək üçün müxtəlif hərbi və diplomatik alətlərdən istifadə etdi. Lakin görünən odur ki, nəticə əldə olunmadı. Vaşinqton boğazı “aça” bilmədi. Bu isə ABŞ-nin regional təsir imkanlarının məhdudlaşdığını göstərir.
İslamabad görüşü bu mənzərəni daha da aydınlaşdırdı. İran diplomatiyası bir daha öz effektivliyini sübut etdi.

Tarixən mürəkkəb geosiyasi vəziyyətlərdə manevr etməyi bacaran Tehran bu dəfə də üstün mövqe əldə etdi. ABŞ isə gözlədiyi nəticəni əldə etmədikcə daha sərt ritorikaya keçdi. Trampın emosional açıqlamaları bunu təsdiqləyir. Onun “boğazı bağlayaram” bəyanatı daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər. Çünki artıq nəzarətdə olan bir məkanı yenidən bağlamaq məntiqi baxımdan izah olunmur. Bu vəziyyət isə daha ciddi suallar doğurur. ABŞ və İran arasında yeni müharibə riski varmı? Mövcud atəşkəs davamlı olacaqmı? Bu suallar hələlik açıq qalır. Çünki tərəflər arasında etimad mühiti formalaşmayıb. Hər iki tərəf paralel olaraq hərbi potensialını gücləndirir. Regionda isə gərginlik səviyyəsi yüksək olaraq qalır ki, bu da eskalasiya ehtimalını artırır.
Digər tərəfdən, İranın ətrafında formalaşan yeni geosiyasi konfiqurasiya diqqət çəkir. İran təklənmiş kimi görünmür. Onu dəstəkləyən aktorların sayı artır. Hətta bəzi NATO ölkələri belə ABŞ-la eyni mövqedə çıxış etmir. Bu, Qərb daxilində strateji parçalanmanın dərinləşdiyini göstərir. ABŞ-nin Çinlə bağlı sərt bəyanatları vəziyyəti daha da mürəkkəbləşdirir. Tramp açıq şəkildə Pekini hədələyir. İrana silah verəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bildirir. Hər bir hala bu cür yanaşma qlobal qarşıdurmanın coğrafiyasını genişləndirir.


Yaxın Şərqdə paralel olaraq yeni siyasi gərginlik xətti formalaşır. İsrail rəhbərliyi Türkiyəyə qarşı sərt mövqe sərgiləyir. Netanyahu və müdafiə naziri səviyyəsində verilən açıqlamalar bunu göstərir. Türkiyə isə fərqli xətt tutur. Ankara açıq şəkildə bəyan edir ki, İranla qarşıdurma ssenarisinə cəlb olunmaq istəmir. Əksinə, bu cür planların qarşısını alıb. Bu da Türkiyənin regional müstəqil aktor kimi mövqeyini gücləndirir.
İsrailin Türkiyəyə qarşı narazılığı da bu kontekstdə izah olunur. Çünki Ankara bölgədə balans yaradan əsas güclərdən biridir. Bu balans bəzi aktorların maraqlarına uyğun gəlmir. Digər tərəfdən, Rusiya bütün bu proseslərdən strateji qazanc əldə edir. Moskva üçün ABŞ-ın zəifləyən mövqeyi və Qərb daxilində parçalanma əlverişli şərait yaradır. Rusiya bu vəziyyətdən istifadə edərək təsir dairəsini genişləndirir. İndi Putin xeyli rahat görünür və sanki baş verənləri xoşbəxtcəsinə izləyir. Bütün bu proseslər göstərir ki, dünya yeni geosiyasi mərhələyə daxil olub. İslamabad görüşü bu mərhələnin katalizatoru rolunu oynadı. Qlobal sistem artıq əvvəlki kimi nəinki işləyə bilir, hətta müvazinətini itirimiş kimi görünür. Güc mərkəzləri dəyişir. Yeni ittifaqlar yaranır və bunun fövqündə köhnə balans mexanizmləri  dağılır. ABŞ əvvəlki kimi təkbaşına qaydalar müəyyən edə bilmir.
Görünən odur ki, hazırda müşahidə etdiyimiz mənzərə çoxqatlı və mürəkkəbdir. Bu proseslərin sonu hələ görünmür. Lakin bir məsələ aydındır, dünya artıq təkqütblü deyil. Yeni düzən formalaşır və bu düzənin əsas xüsusiyyəti qeyri-müəyyənlikdir. Avropa öz mövqeyini yenidən müəyyənləşdirir. ABŞ əvvəlki siyasətinin nəticələri ilə üzləşir. İran Çin və Rusiyanın dostluğunda regional gücdən qlobal oyunçuya çevrilir. Eyni zamanda Çin və Rusiya bu prosesdə aktiv rol alır. Yaxın Şərq isə yenidən böyük güclərin rəqabət meydanına çevrilir.
Bütün bu sadaladıqlarımız son yox, başlanğıcdır. Qarşıdakı mərhələdə daha sərt qarşıdurmalar, yeni ittifaqlar və gözlənilməz geosiyasi dəyişikliklər baş verə bilər. Dünya siyasəti turbulent mərhələyə daxil olub. Bəlkə də bu mərhələdə qalib və məğlub olmaycaq. Rusiya və Ukrayna örnəyi ortadadır. Ona görə də prosesi diqqətlə izləmək və nəticələri soyuq başla təhlil etmək vacibdir.
Elnur Əmirov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ