Türkiyənin əsas müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel İsrail rəhbərliyinin açıqlamalarına sərt reaksiya verib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özgür Özel Ümit Özdağ ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında İsrail–İran gərginliyi ilə bağlı danışaraq, bölgədə münaqişənin yenidən alovlanmasından narahat olduqlarını və danışıqların nəticəsiz qalmasından təəssüf duyduqlarını bildirib.
Jurnalistin Benjamin Netanyahu və İsrail rəsmilərinin Rəcəb Tayyib Ərdoğan barədə səsləndirdiyi fikirlərlə bağlı sualını cavablandıran Özel bu açıqlamaları “həddini aşmaq” kimi qiymətləndirib. O qeyd edib ki, İsrail rəsmilərinin sosial mediada CHP nümayəndələrini hədəf alması qəbuledilməzdir və bunun heç bir nəticəsi olmayacaq.
Özel vurğulayıb ki, ölkə daxilində siyasi rəqabətə baxmayaraq, milli məsələlərdə birlik qorunur və Türkiyə vahid mövqedən çıxış edir: “Türkiyə tam olaraq bir və bütöv şəkildə eyni tərəfdə – günahsız insanların tərəfində dayanır.”
CHP sədri əlavə edib ki, partiya daxilində İsrailə dəstək verən heç kim yoxdur: “Daxildə siyasi rəqabət bir yana, İsrailə və bu siyasətə heç bir CHP üzvü dəstək verməz. İsraildən tərəf olacaq heç bir CHP-li tapılmaz.”