Modern.az

Rəşad Mahmudov qəfil ürəktutmalarının səbəblərini AÇIQLADI

Rəşad Mahmudov qəfil ürəktutmalarının səbəblərini AÇIQLADI

Hadisə

29 Sentyabr 2025, 16:32

“Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır”.

Modern.az-ın məlumatına görə, bunu tanınmış ürək-damar cərrahı, tibb elmlər doktoru, deputat Rəşad Mahmudov Əməkdar artist Cabir İmanovun ürəktutmasından qəfil ölümünə münasibət bildirərkən bildirib.

“Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir. Bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur. Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.

İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.

Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir”, - R.Mahmudov qeyd edib.

Onun sözlərinə görə, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:

“İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).

Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.

İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.

Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.

Nəticə olaraq, idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır”.

R.Mahmudov deyib ki, ürək-damar xəstəlikləri bu gün də qlobal miqyasda ən aktual sağlamlıq problemlərindən biridir:

"Həm qanunverici, həm də həkim olaraq inanıram ki, cəmiyyətimizin sağlam gələcəyi üçün profilaktika, erkən diaqnoz və sağlam həyat tərzinin təşviqi ən əsas şərtlərdəndir.

Təəssüf ki, bu gün Əməkdar artistis Cabir İmanov qəfil ürəktutmasından dünyasını dəyişdi. Bu acı hadisə bir daha göstərir ki, gənc və sağlam görünən insanlar belə ürək-damar xəstəliklərinin təhlükəsi altındadır.

Ona görə də hər bir kəs üçün mütəmadi tibbi müayinələr, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq, şəkərli diabet və təzyiq kimi risk faktorları ilə mübarizə həyati əhəmiyyət daşıyır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu