Baş Dövlət Yol Polisi İdarəsi Lerik rayonu ərazisində baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
İdarədən Modern.az-a verilən məlumatda deyilir:
"Bu gün, saat 08:40 radələrində Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan 6 nəfər sərnişinindən 2-si xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən tövsiyələrə əməl etməyə çağırır".
***
Lerikdə avtomobil dərəyə aşıb, 6 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, hərəkətdə olan "Mercedes Vito" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.