Qazaxıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün lazım olan bütün ekspertiza nəticələrini istehsalçılardan alıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
Onun sözlərinə görə, araşdırma davam edir və GPS-trekerlər, naviqasiya avadanlıqları, eləcə də təyyarə istehsalçısından alınan bütün zəruri ekspertiza nəticələri artıq əldə olunub. Hazırda bu nəticələr ümumiləşdirilir və komissiya iştirakçıları ilə razılaşdırılacaq.
Bozumbayev qeyd edib ki, hazırda komissiya üzvləri ilə birlikdə yekunların hazırlanması prosesi gedir.
O bildirib ki, komissiyaya Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, həmçinin Embraer şirkətinin nümayəndələri və Beynəlxalq Mülki Aviasiya Təşkilatının təmsilçiləri daxildir. Onun sözlərinə görə, beynəlxalq standartlara uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində texniki araşdırmanın yekunlarını təqdim etməlidir.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub (Trend).