Ötən gün Çempionlar Liqasında Danimarkanın "Kopenhagen" klubunu "2:0" hesabı ilə məğlub edən "Qarabağ" Avropada diqqətləri özünə çəkib. Qardaş Türkiyədə də komandamıza azarkeş marağı artıb. İş o yerə çatıb ki, türkiyəli azarkeşlər Çempionlar Liqasının oyunlarını yayımlayan TRT telekanalından "Qarabağ"ın matçlarını göstərməyi tələb etməyə başlayıblar.
Türkiyəli futbolsevərlər "Qarabağ"ın oyunlarını şifrəli kanallardan deyil, TRT ekranlarından izləməyi istəyirlər.
Türkiyəli jurnalist Necati Şatana Modern.az saytına bildirib ki, qardaş ölkədə ən güclü futbol şərhçisi belə Azərbaycan çempionatında çıxış edən 3-4 klubun adını çəkə bilməz:
“Bir neçə il əvvələ qədər Türkiyə azarkeşləri Azərbaycan liqasından çox da məlumatlı deyildilər. Bu reallıqdır. Lakin "Qarabağ" klubunun performansı, qazandığı uğurlar nəticəsində, Türkiyə ictimaiyyəti də, mediası da sizin futbola bir az maraq göstərməyə başladı. Belə başa düşülür ki, "Qarabağ" Azərbaycan liqası ilə müqayisədə daha üst səviyyədə oynayan klubdur. Azərbaycan liqasını, açığı deyim indi də izləyən yoxdur. Türkiyə azarkeşləri və mediası tərəfindən sadəcə "Qarabağ"ın Avropa oyunları izlənilir. Türkiyədə çox ciddi futbol azarkeşliyi, fanatizmi mövcuddur. "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor" kimi klubların azarkeşi olan 80% toplum var. Dolayısı ilə Türkiyədəki futbol anlayışı daha çox bu klublar üzrə qurulduğu üçün Azərbaycan liqası ilə maraqlananların sayı bir əlin barmaqlarını keçməz.
Lakin "Qarabağ"ın son vaxtlardakı performansı, uğurları bu vəziyyəti dəyişdi. İndi Azərbaycan liqası deyəndə "Qarabağ" yada düşür”.
N.Şatana “Qarabağ”ın oyunlarının TRT-də göstərilməməsinin təəssüf doğurduğunu vurğulayıb:
"“Tabi" adlı şifrəli kanal var, pulludur. Mən oyunu bu kanaldan izlədim. Biz oyunu şifrəli kanaldan izləmək istəməzdik. Niyə TRT oyunu yayınlamır və Türkiyə xalqı Azərbaycan futbolunu tanımır? Bu məsələni getdiyimiz hər yerdə gördüyümüz rəsmilərə çatdıracağıq. Mənim ikinci komandam "Qarabağ"dır. Bunu azərbacanlı dostlarım bilir. Oyunlarını izləyirəm. Amma dediyimiz kimi, "Qarabağ"ın oyunlarının şifrəli kanallarda verilməsinə görə boşluq var. Bunu dilə gətirib bəzi rəsmilərimizə çatdırmaq lazımdır. Məsələ gündəmə gətirilməlidir”.
Türkiyəli həmkarımız “Qarabağ”ın “Kopenhagen”lə dünənki oyununu belə şərh edib:
“"Qarabağ"da taktika anlayışını çox yaxşı başa düşən oyunçular var. Bu baxımdan Qurban hocanı çox bəyənirəm. Həqiqətən də, istədiyini futbolçulara çox yaxşı ötürür. "Qarabağ" hocanın onlara verdiyi taktikanı yaxşı qavrayıb onu meydançada həyata keçirən kompakt bir komandadır. Komanda oyunda nəzarəti əldən vermir. "Kopenhagen" çox güclü klubdur. Xüsusilə də, Skandinaviya klubları fiziki gücə əsaslanan mübarizəsi ilə ön plana çıxır. Açığı "Qarabağ" fiziki baxımdan da "Kopenhagen"ə qarşı üstünlük qurdu.
"Qarabağ" oyun zamanı hesabı qorumaq üçün təbii olaraq, müəyyən pozisiyalar aldı. Səmimi qəlbdən deyə bilərəm ki, "Qarabağ" klubunda ən azı 3-4 oyunçu Türkiyədəki 4 böyük klubda çox rahatlıqla oynaya bilər. Çox yaxşı bir heyət var.
Qurban hocanın müdhiş furbol zəkasının olduğunu düşünürəm. O, oyunun hər bir hissəsində rəqibə görə, taktikasını dəyişdirdi, oyunçu dəyişiklikləri tam yerindəydi. "Qarabağ" klubunda Kadi, kapitan Abdullah Zubir kimi oyunçuların "Qalatasaray" və digər böyük klublarda oynayacaq səviyyədədirlər. Hamısı harada necə davranacaqlarını bilirlər.
Düşünürəm ki, Qurban hoca Azərbaycan sərhədlərini aşacaq. "Qarabağ" Çempionlar Liqasında "16-lıq" və ya "24-lük"ə düşə bilər. Qurban Qurbanovun "Fənərbaxça"nın baş məşqçisi Todeskodan daha yaxşı olduğunu hesab edirəm. O, Türkiyənin “4 böyüklər”ində və Avropanın bir sıra liqalarında baş məşqçilik edə biləcək səviyyədədir. Qurban Qurbanov soyuqqanlı, disiplinli və taktiki zəkaya malik bir baş məşqçidir. Əvvəla Qurban hocanı təbrik edir və “Qarabağ”a uğurlar arzulayıram”.
N.Şatana onu da qeyd edib ki, “Qarabağ”ın ən böyük xüsusiyyəti nizamlı olmasıdır:
“Məsələn, "Qalatsaray" daha yaxşı kadroya malikdir. Amma bir neçə xətalı qoldan sonra nizamını itirə bilir. "Qarabağ"ın ən böyük xüsusiyyəti disiplindən uzaqlaşmamasıdır. "Benfika" oyunu bunu açıq göstərdi, elə bir meydançada 0:2-dən geridönüş edib, qələbə qazanmaq hər igidin işi deyil. Mən buna görə də "Qarabağ"ı bu il ayrı yerə qoyuram. Heyət dərinliyi baxımından bir "Qalatasaray" olmasa da, disiplin baxımından "Qarabağ"ın daha üstün olduğunu düşünürəm”.