Bu gün futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız səfərdə Fransa millisi ilə qarşılaşacaq.
D qrupunun bu oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Fransa milli komandası ilə oyunöncəsi azarkeşlər arasında elə də nikbinlik yoxdur. Lakin milli komandamızın Baş məşqçisi Ayxan Abbasov oyundan qabaq bunları deyib:
"Rəqib son illərin ən güclü komandasıdır. Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar".
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbasov bildirib ki, Fransa ilə Azərbaycan yığmaları arasında xeyli fərq var:
“Fransa güclü komandadır, oyunçularının qiyməti də 1 milyard dollardan artıqdır. Bizim futbolçuların qiyməti 17 milyon avrodur. Fərq aydın görünür”.
Buna baxmayaraq, o, Ayxan Abbasovun yaxşı heyət seçəcəyinə və komandamızın mübariz olacağına inandığını vurğulayıb:
“Biri var mübarizəsiz uduzasan, biri də var mübarizə aparasan, amma məğlub olasan. İnanıram ki, milli komandamız mübarizə aparacaq. Biz bunun şahidi olacağıq. Ayxan Abbasova və millimizə uğurlar arzu edirəm”.
Futbol mütəxəssisi Ağasəlim Mircavadov qeyd edib ki, oyunçular rəqibin adından qorxmamalıdır:
“Hər şey bizim oynumuzdan asılıdır. Məlumdur ki, onlar hücumda çox oynayacaqlar. Burada əsas məsələ topa nəzarəti yaxşı qurmaqdır. Komanda bizi məcbur edirsə heç, amma biz özümüz geri çəkilməməliyik. Bunu nəzərə almaq lazımdır. Komandamız bu oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıdır. Rəqibin adından qorxmamalıdır. Oyunçular çalışmalıdırlar ki, Ukraynaya qarşı mübarizəni burada da sərgiləsinlər. Fransa dünyada ən güclü yığmalardan biridir. Amma mən həmişə deyirəm, güclü, orta və ya zəif olmasından asılı olmayaraq, hər komandaya qarşı oyuna hazır olmalıyıq”.
A.Mircavadov deyib ki, oyunçuların psixoloji cəhətdən hazır olmasına ehtiyac var:
“İnam olmalıdır ki, biz də futbol oynayırıq, biz də qol vura və qələbə qazana bilərik. Əsas məsələ bundadır. Fiziki durumun yaxşı, psixoloji durumun zəif olsa, bu, hər şeyi öldürür. Oyunçuların bir-birinə inamı vacibdir. Hamısı da yaxşı oynayırlar, böyük stadionlarda çıxış ediblər. Oyun ağır olacaq, amma hər oyun ağırdır. Bu vəziyyətdən çıxmaq lazımır. Bunun üçün birlikdə çalışmaq lazımdır, topa əsasən də ortada nəzarət etməliyik. Onların orta xətti ilə mübarizə aparmalıyıq. Biz geri çəkilsək, əlbəttə, ağır ola bilər”.