Azərbaycandan gedən 1300-ə yaxın azarkeş bu gün İngiltərənin “Enfild" stadionunda "Liverpul” - "Qarabağ” oyununa canlı baxacaq.
Bunu Modern.az-a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev bildirib.
O, qeyd edib ki, azərbaycanlı azarkeşlərin hamısı Bakıdan Liverpul şəhərinə öz hesablarına gediblər.
"Stadionda komandamızı təxminən 1300 azarkeş dəstəkləyəcək. Azarkeşlərin hamısı biletləri öz vəsaitləri hesabına alıb və səfərlə bağlı bütün xərcləri də özləri qarşılayıblar",- Anar Hacıyev deyib.
Qeyd edək ki, bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci-sonuncu turu oynanılacaq. Bu turda “Qarabağ” səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq. "Enfild" stadionunda baş tutacaq matçı Slovakiyadan olan FİFA referisi İvan Krujlyak idarə edəcək. Oyun gecə saat 00:00-da başlayacaq.