Bu gün UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Liqa mərhələsini 9–24-cü yerlərdə başa vuran klublar iştirak ediblər.
Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" “pley-off”da ya Fransanın PSJ, ya da İngiltərənin "Nyukasl" klubu ilə düşə bilərdi.
Püşk komandamızın qarşsına "Nyukasl"ı çıxardı.
Bəs "Qarabağ" "Nyukasl" səddini keçə bilərmi?
Modern.az-ın məlumatına görə, idman jurnalistləri bu suala cavab veriblər:
“Rekord.az saytının redaktoru Anar Xanlarov bildirib ki, "Qarabağ" PSJ-ə qarşı şans heç yox idi.:
“Nyukasl"a rəqib olmağm yaxşı tərəfi də var, pis tərəfi də. Pis tərəfi odur ki, ingilis klubudur, "Qarabağ"ın səfərdə ingilis klublarına qarşı kabusu var. Yaxşı tərəfi də odur ki, ingilis klublarından revanş şansı yaranıb. İndiyə qədər yığdığımızı "Nyukasl"dan çıxa bilərik. Hər sindromun bir qırılma anı olur, "Qarabağ" üçün də o an "Nyukasl" olsun!”
Komanda.az saytının rəhbəri Rəşad Ergün:
“"Nyukasl" nə "Çelsi"dir, nə də "Liverpul". Bir az da şansla "Qarabağ" bu komandanı keçə bilər. Amma keçməsə də, dünyanın sonu olmayacaq. Zatən edə biləcəyinin ən yaxşısını edib komandamız”.
Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev də "Qarabağ"ın “Nyukasl” qarşısında şansa mailk olduğunu qeyd edib:
“Rəqibimiz "Nyukasl" oldu! Yaxşı püşkdür. PSJ dəhşətli komandadı. Yaxşı qurtardıq. PSJ-dənsə, “Nyukasl” daha münasib rəqibdir.
İlk oyunun Bakıda olması yaxşıdı haldır. Həyəcanı ilk matçda evdə arxada qoyacaq, güclərinə rahat bələd olacağıq. İlk matç səfərdə olsaydı, sonra toparlanmaq çətin olardı.
"Qarabağ"ın mərhələ keçməsinə 35-40 faiz ümid var. Döyüşmək lazımdır”.
Xatırladaq ki, “Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. "Pley-off" görüşləri 17-18 fevral, cavab qarşılaşmaları isə 24-25 fevralda oynanılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" yaxud "Çelsi" ilə qarşılaşacaq.