"Qarabağ" FK çempionlar liqasının pley-off mərhələsinə yüksəlib. Ağdam klubu 10 xalla 22-ci sıradadır. Komandamız 1/16 mərhələsində "Nyu-kasl"la qarşılaşacaq. ilk oyun fevralın 18-də Bakıda Tofiq Bəhramov stadionunda, cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.
“Köhlən atlar” bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində “Barselona” (İspaniya) və ya “Çelsi”yə (İngiltərə) rəqib olacaq.
Modern.az 1/8 final mərhələsinə adlayacağı təqdirdə Ağdam klubunun nə qədər vəsait əldə edəcəyini araşdırıb.
UEFA-nın tətbiq etdiyi maliyyə mexanizminə əsasən, Çempionlar Liqasında qazanılan hər qələbəyə görə klublara ayrıca bonus ödənilir. Hazırkı mövsüm üçün bu məbləğ təxminən 2,1 milyon avro təşkil edir. Qeyd olunan vəsait mərhələdən asılı olmayaraq, istər qrup, istərsə də pley-off mərhələsində əldə edilən hər qələbəyə şamil olunur. Bu baxımdan “Qarabağ”ın “Nyu-kasl” üzərində mümkün qələbəsi klub üçün dərhal ölçülə bilən maliyyə gəliri deməkdir.
Əsas maliyyə artımı isə mərhələ bonusu ilə bağlıdır. UEFA Çempionlar Liqasının 1/8 finalına yüksələn hər klub üçün ayrıca mükafat nəzərdə tutulur. Son mövsümlərin rəsmi maliyyə bölgüsünə görə, bu göstərici təxminən 10–11 milyon avro civarındadır. Bu ödəniş artıq konkret oyunun hesabından yox, turnirin növbəti mərhələsinə vəsiqə qazanmaq faktından irəli gəlir.
Beləliklə, “Qarabağ” FK “Nyu-kasl” üzərində qələbə qazanaraq 1/8 finala yüksəldiyi halda, klub yalnız bu bir qarşılaşma və mərhələ üzrə ümumilikdə 12 milyon avro əlavə gəlir əldə etmiş olacaq. Bu məbləğə Çempionlar Liqasının əsas mərhələsinə görə verilən iştirak bonusları, televiziya yayımı hüquqları, eləcə də UEFA reytinqi və ölkə əmsalına əsaslanan “value pillar” ödənişləri daxil deyil.