“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi".
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “FIFA Series – 2026” beynəlxalq turnirdə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leone yığması ilə keçirilən final oyunundan (1:1, penaltilərlə 9:8) sonra mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, komanda birinci hissədə hücumda istədiyi kimi aqressiv ola bilmədi:
"İkinci oyunun ilk matçdan fərqli olacağını bilirdik. Birinci hissədə hücumda istədiyimiz kimi aqressiv ola bilmədik. İkinci hissəyə əvəzləmələrlə başladıq. Fasilədən sonra futbolçuların istəyi daha da artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Turnirin qalibi olduğumuz üçün sevinirik. Ancaq oyun göstərdi ki, rəqib güclü olduqca biz də artırmalıyıq. Yayda təşkil olunacaq təlim-məşq toplanışını da faydalı keçirərək Millətlər Liqasına hazır olmağa çalışacağıq”.
Qeyd edək ki, millimiz turnirdəki ilk oyununda Sent Lüsiya yığması üzərində 6:1 hesablı qələbə qazanıb.