2025-ci ilin yanvar–iyul aylarında Azərbaycan təbii qaz ixracını 4,1% artırıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu dövrdə ölkə 14 milyard 409,69 milyon kubmetr qaz ixrac edib və bunun ümumi dəyəri 5 milyard 269,1 milyon ABŞ dollarını ötüb.
Ən böyük alıcı yenə Türkiyə olub, qardaş ölkə Azərbaycanın qaz ixracında 40,2%-lik payla lider mövqeyini qoruyub. Türkiyəyə 5 milyard 791,6 milyon kubmetr qaz göndərilib. Türkiyə qaz üçün 1 milyard 594,6 milyon dollar ödəyib.
İkinci yerdə 37,7%-lik payla İtaliya qərarlaşıb. Bu ölkəyə 5 milyard 433,78 milyon kubmetr qaz ixrac olunub. Həcmi 6,3% azalsa da, gəlir 19,9% artaraq 2 milyard 743,65 milyon dollara çatıb.
Üçüncü sırada isə Gürcüstan yer alıb,qonşu ölkəyə qaz ixracı 2,3 dəfə artaraq 1 milyard 434,4 milyon kubmetrə çatıb. Bu həcmin dəyəri 159,56 milyon dollar təşkil edib.
Azərbaycanın qaz ixrac etdiyi digər ölkələr arasında Bolqarıstan, Yunanıstan və Serbiya da var.