Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Nazirlər Kabinetindən Modern.az-a verilən xəbərə görə, qərar ölkənin xarici ticarət siyasətinin tənzimlənməsi, yerli istehsalın müdafiəsi, idxal-ixrac əməliyyatlarında şəffaflıq və sabitliyi təmin etmək məqsədi daşıyır.
Dəyişikliklər əsasən beynəlxalq mal nomenklaturasının bəzi alt yarımmövqelərinə (xüsusilə ayaqqabı, qoruyucu burunaltılı ayaqqabı, şüşə və polad məhsulları) aid tarif dərəcələrinin yenilənməsi ilə bağlıdır.
Əsas məqamlar:
• müxtəlif növ qoruyucu (təhlükəli şəraitdə çalışan işçilər üçün əlavə qoruma təmin edən) ayaqqabıların idxalına (həmin ayaqqabılar üçün yeni mal nomenklaturu kodları təyin edilməklə) 30.06.2026 tarixinədək ayaqqabının bir cütü üçün 9 ABŞ dolları idxal gömrük rüsumu tətbiq ediləcək. Belə ki, hazırda idxal gömrük rüsumlarının dərəcələri 15 faizdir.
• müxtəlif kodlarla idxal edilən armaturlaşdırılmamış şüşə lövhələrin idxalının şüşənin 1 tonu üçün 31.12.2030 tarixinədək 200 ABŞ dolları təyin edilir. Belə ki, hazırda idxal gömrük rüsumlarının dərəcələri 15 faizdir.
• müxtəlif kodlar altında təsnif edilən armaturlar, dəmir çubuqlar üçün idxal gömrük rüsumlarının 31.12.2030 tarixinədək 15 faiz və ya 1 tonuna görə 200 ABŞ dollarından az olmamaqla təyin ediləcək. Hazırda idxal gömrük rüsumlarının dərəcələri məhsulun idxal kodundan asılı olaraq 5 və 15 faizdir.
Dəyişikliklər yerli istehsalın inkişafını dəstəkləmək, daxili bazarda rəqabət şəraitini qorumaq, eyni zamanda keyfiyyətli və təhlükəsiz məhsulların idxalını təşviq etmək məqsədi daşıyır.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.