"Comex" birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti troy unsiyası üçün 4350 dollardan yuxarı qalxaraq bütün zamanların ən yüksək həddinə çatıb. Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 4354 dollar təşkil edib (2,5% artıb). Bakı vaxtı ilə saat 02:05-ə olan məlumata görə isə qızılın qiyməti 1 troy unsiyası üçün 4 352,2 dollara qədər azalıb (2,46% artıb).
Qızılın qiymətində bahalaşma demək olar ki, hər gün özünü göstərir.
Bəzi dövlətlərin valyuta ehtiyatlarının tədricən qızıla yatırıla biləcəyi ilə bağlı iddialar var. Ümumiyyətlə, Azərbaycan da mövcud duruma görə valyuta ehtiyatlarını qızıla çevirə və ya yatıra bilərmi?
Modern.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, qızılın qiyməti yaxın vaxtlarda 5000 dolları ötəcək:
“Ümumiyyətlə, qızılın qiyməti həm qlobal bazarlarda baş verən təlatümlü, yəni investisya mühiti üçün qeyri-müəyyənlik səbəbindən qalxmaqdadır. Qlobal investisya mühiti qeyri-müəyyən olduğu üçün qızıla daha çox etimad göstərirlər. Bu da tələbi artırır. Tələbin artması isə qiyməti bahalaşdırır. Digər yandan, ABŞ administrasiyasının dolları ucuzlaşdırmaqla bağlı siyasəti davamlı olaraq, qızılın bahalaşmasına gətirib çıxardı. Düşünürəm ki, prespektivdə qızılın qiyməti 5000 dolları keçəcək. Qarşıdakı dönəmdə hətta qızılın qiymətinin 6000 dollara çatması, hətta onu ötmə ehtimalı var”.
İqtisadçı vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondu öz ehtiyatlarını, investisya portfelində qızılın xüsusi çəkisini 2027-ci ilə qədər ardıcıl olaraq artırmağı hədəfləyib:
“Amma düşünürəm ki, orada qeyd edilən rəqəm o qədər də böyük deyil. Məsələyə yenidən baxaraq, bu prosesi 2027-ci ilə qədər yox, daha qısa müddət ərzində sürətli formada aparmaq lazımdır. Çünki 2027-ci ilin axırları, 2028-ci illərin əvvəlində əksinə, qızılın qiymətində bir qədər enişin olması mümkündür”.