Modern.az

Azərbaycanda ət kəskin bahalaşacaq - XƏBƏRDARLIQ

Azərbaycanda ət kəskin bahalaşacaq - XƏBƏRDARLIQ

İqtisadiyyat

21 Oktyabr 2025, 14:52

Hazırda Azərbaycanın bir sıra bölgələrində iri və xırdabuynuzlu heyvanlar arasında dabaq kimi yoluxucu xəstəliklərin sürətlə yayılması müşahidə olunur. Fermer təsərrüfatlarında yaranan bu vəziyyət həm heyvandarlıq sahəsinə, eləcə də ümumilikdə ərzaq təhlükəsizliyinə ciddi təsir göstərməkdədir.

Xüsusilə payız mövsümündə xəstəliklərin geniş yayılması fonunda ət məhsullarının istehsalında azalma baş verə bilər ki, bu da yerli bazarda qıtlıq və qiymət artımı ehtimalını gündəmə gətirir.

Modern.az-a açıqlamasında yaxın aylarda ət məhsullarında bahalaşması riski barədə danışan iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, ölkədə 1 kiloqram mal ətinin orta satış qiyməti 20,98 manat civarındadır.

“Mütəxəssislər hesab edirlər ki, heyvanların sayında azalma, erkən kəsmələrin artması və xəstəliklərin geniş yayılması fonunda ət təchizatında ciddi risklər formalaşır. Xəstəliyin yayılması təchizat zəncirinə də birbaşa təsir edir. Yoluxma təhlükəsi səbəbilə heyvanların bir bölgədən digərinə daşınması məhdudlaşdırıla bilər, bəzi təsərrüfat məhsulları riskli sayılıb bazara çıxarılmaya bilər, habelə ixrac məhdudiyyətləri ilə yanaşı, idxal çətinlikləri də baş verə bilər. Bu hallar təklifi azaldaraq qiymət artımına zəmin yaradır”.

Ekspert həmçinin bildirib ki, xəstəlik fonunda qiymət artımına təsir edən əsas mexanizmlərdən biri də istehsal həcminin azalmasıdır:

“Yoluxma şübhəsi olan və ya artıq xəstələnmiş heyvanların satışdan çıxarılması bazarda ümumi təklifin azalmasına səbəb olur. Bununla yanaşı, sanitar tədbirlər, vaksinasiya, karantin rejimi və logistika xərclərinin artması da heyvandarlıqla məşğul olan sahibkarların ümumi xərclərini artırır. Bu amillər qiymətlərin yüksəlməsi ilə nəticələnə bilər. Digər tərəfdən, bəzi istehlakçılar xəstəlik riskini nəzərə alaraq ət məhsullarına olan tələbatlarını azalda bilər. Bununla belə, təklifin azalması fonunda digər ət növlərində də qiymət artımı baş verə bilər”.

A.Nəsirlinin sözlərinə görə, qiymət artımının nə qədər davam edəcəyi və hansı səviyyəyə çata biləcəyi bir sıra amillərlə şərtlənir:

“Bunlara xəstəliyin yayılma miqyası, dövlətin müdaxilə tədbirləri, idxal-ixrac imkanları və bazar iştirakçılarının reaksiyası daxildir. Mövcud şəraitdə 1 kiloqram mal ətinin təxminən 21 manat civarında olduğu nəzərə alınarsa, orta risk ehtimalına əsasən qiymətin 25-30 manat aralığında dəyişməsi mümkün sayılır. Bu isə təxminən 20-40 faiz artım deməkdir. Əgər xəstəlik daha geniş miqyas alarsa, həmçinin idxal və nəqliyyat xərcləri artarsa, qiymət 30-35 manat civarına qədər yüksələ bilər”.

O, eyni zamanda nəzərə çatdırıb ki, bu proqnozlar real vəziyyətin gedişatından asılı olaraq da dəyişə bilər:

“Xəstəliyin nəzarətdən çıxması ət təchizatını daha da zəiflədə, istehsalçıların gəlirlərinin azalması heyvan sayının sürətlə azalmasına gətirib çıxara bilər. Eyni zamanda, ixracın dayandırılması və ya idxalda çətinliklərin yaranması yerli bazarda yükü artıraraq qiymət artımını sürətləndirə bilər. Digər tərəfdən, dövlətin və aidiyyəti qurumların vaxtında müdaxiləsi, operativ vaksinasiya tədbirləri, sanitar nəzarətin gücləndirilməsi və heyvan hərəkətinin məhdudlaşdırılması xəstəliyin yayılmasını nəzarətə almağa və qiymət artımını yavaşlatmağa kömək edə bilər. İstehsalçıların bütün çətinliklərə baxmayaraq istehsalı qorumağa çalışması, eyni zamanda istehlakçı davranışının dəyişməsi də qiymət dinamikasına müəyyən təsir göstərə bilər”.

İqtisadçı bir daha xatırladıb ki, hazırkı vəziyyətdə ətin qiyməti təxminən 21 manat səviyyəsindədir:

“Bir daha qeyd edim ki, əgər xəstəliklə bağlı təchizatda çatışmazlıq baş verərsə, qiymət 25-30 manat aralığına yüksələ bilər. Daha ağır vəziyyətdə isə bu rəqəm 30-35 manatadək arta bilər. Lakin bu proqnozlar vəziyyətin gedişatına və aidiyyəti strukturların reaksiyasına görə dəyişə bilər. Prosesi nə qədər tez və effektiv şəkildə idarə etmək mümkün olarsa, qiymət artımı da bir o qədər sabit qala bilər”,- deyə A.Nəsirli bildirib.

Sizə yeni x var
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?