 
                                Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir. Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov qeyd edib ki, əgər biz su sahəsində diferensial qiymətləndirməyə keçsək, bu müsbət nəticə verər. Onun sözlərinə görə, hələlik bu barədə konkret qərar olmasa da, hazırda bununla bağlı təhlillər aparılır.
“Bildiyiniz kimi, qaz və elektrik enerjisi üzrə artıq sabit tarif mexanizmi qüvvəyə minib. Bu istiqamətdə qanunvericilikdə də dəyişikliklər edilib. Orada keçid müddətləri nəzərdə tutulub. Suda da eyni qaydada diferensial qiymət mexanizminin tətbiqi məsələsi gündəmdədir.
Hazırda qaz üçün limit 1200 kubmetrdir və bu nəzərdə tutulan illik limitdir. Elektrik enerjisində isə aylıq minimal limit 300 kVt/saat təşkil edir. İçməli suyun 1 kubmetri əhali üçün 70 qəpik, kanalizasiya xidməti isə 30 qəpikdir. Yəni, kanalizasiya sistemi olan ev təsərrüfatlarında suyun hər kubmetrinə görə 1 manat ödəniş edilir. Mən hesab edirəm ki, su üçün də belə bir diferensial sistemin tətbiqi məqsədəuyğundur”.
Deputat bildirib ki, Azərbaycan ümumilikdə içməli su ilə yüksək təminata malik ölkə deyil:
“Bizim su ehtiyatlarımız məhduddur, buna görə də bu milli sərvətdən səmərəli istifadə etmək vacibdir. Məhz bu baxımdan əhalini sudan qənaətlə istifadə etməyə təşviq edirik, maarifləndiririk ki, suyu israf etməsinlər. Bu, yalnız əhali üçün deyil, təşkilatlar və biznes strukturları üçün də keçərlidir, məsələn, avtomobil yuyucu məntəqələrdə də su çox israf olunur. Bu isə səmərəli hesab edilmir”.
R.Muradovun sözlərinə görə, burada da limit sistemi tətbiq edilməlidir:
“Yuxarı, orta və aşağı limitlər müəyyənləşdirilməlidir. Qeyd etmək vacibdir ki, tarif artımı hamıya eyni dərəcədə təsir etməyəcək. Aşağı limitdə artım daha az olacaq.
Məsələn, ən aşağı əhali qrupu üçün gələcəkdə nəzərdə tutulan limitin 70 qəpik qalması mümkündür və bu, illik 30-40 ton su sərfiyyatına hesablanacaq. Hazırda adam başına orta hesabla aylıq 5 ton su istifadə olunur. Sayğacla ödəyən insanlar isə sudan daha qənaətlə istifadə edirlər”.
O, həmçinin vurğulayıb ki, diferensial tariflər insanları qənaətə sövq edəcək:
“Sudan az istifadə edən az, çox istifadə edən isə daha çox ödəyəcək. Bu da sosial ədaləti təmin edən yanaşmadır. Məsələn, həyət evləri və bağ evlərində su sərfiyyatı çox olur. Belə evlərdə bir neçə sanitar qovşağı, hovuz, ya da geniş yaşıllıq sahələri olur. Ədalətli yanaşma isə ondan ibarətdir ki, belə evlərdə yaşayanlar daha artıq su istifadəsinə görə daha çox ödəniş etsinlər.
Qazda da eyni sistem tətbiq olunur. Əhali çalışır ki, 1200 kubmetrlik illik limiti keçməsin, çünki bu həddə qədər hər kubmetr 12.5 qəpikdir. Limiti keçənlər isə artıq daha yüksək 25 qəpik tariflə ödəyirlər”.
Deputat onu da diqqətə çatdırıb ki, suda da diferensial qiymətin tətbiqi, həm sahibkarlar, həm də vətəndaşların sudan daha məsuliyyətlə istifadəsinə gətirib çıxaracaq. Onun fikrincə, bu həm ədalətli, həm də qənaətcil sistem olacaq:
“Limitlərin ləğv edilməsinin tərəfdarı deyiləm, çünki limitlər insanların təbii sərvətlərdən düzgün və səmərəli istifadəsini təmin edir.
Doğrudur, belə bir layihə üzərində işlər görülür, ancaq düşünmürəm ki, ilin sonuna qədər konkret addım atılsın. Lakin gələn il bu tariflərin tətbiqi məsələsi gündəmə gələ bilər.
Minimal tarifə gəlincə isə, 1 kubmetr su üçün 70 qəpik dövlət tərəfindən saxlanıla bilər. Amma orta və yuxarı limitlərdə tarifin artması gözləniləndir. Qazda da oxşar hal olub. Hansı ki, əəvvəl 12 qəpik olan qiymət 12,5 qəpiyə qalxmışdı. Su üçün də belə cüzi artım mümkündür”.
O, eyni zamanda əlavə edib ki, içməli suyun qazonların, bağların sulanması kimi məqsədlərlə istifadəsi düzgün deyil:
“Çünki içməli suyun evlərə paylanması üçün dövlət böyük xərclər çəkir, belə ki, su təmizlənir, kimyəvi maddələrlə işlənir və sağlam vəziyyətdə əhaliyə paylanır. Buna görə də ondan qənaətlə istifadə olunmalıdır”.
Yekun olaraq R.Muradov bildirib ki, tariflərlə bağlı qərarlar da yalnız ADSEA deyil, həmçinin Tarif Şurası, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar da təmsil olunurlar və bu onların kollegial qərarlarına əsasən qəbul edilir:
“Son dövrlərdə ADSEA-nın açıqlamalarında da vurğulanır ki, 100 mindən çox abunəçi su haqqını ödəmir. Üstəlik, su xətlərində qanunsuz müdaxilələr və itkilər var. Bütün bunlar ümumi su ehtiyatlarımıza mənfi təsir göstərir. Məhz bu səbəbdən də diferensial qiymət sisteminin tətbiqi həm əhali, həm sahibkarlar arasında səmərəli və ədalətli su istifadəsinə gətirib çıxaracaq”,- deyə deputat fikrini tamamlayıb.