Modern.az

Trampın qərarı bazarları silkələdi - Azərbaycan neftini bahalaşacaq?

Trampın qərarı bazarları silkələdi - Azərbaycan neftini bahalaşacaq?

İqtisadiyyat

28 Oktyabr 2025, 16:24

ABŞ Maliyyə Nazirliyinin “Rosneft” və “Lukoil” şirkətlərinə sanksiya tətbiq etməsi qlobal neft bazarlarında gərginliyi artırıb. Donald Trampın dəstəklədiyi sanksiyalar şirkətlərin aktivlərinin dondurulmasını nəzərdə tutur.

Qərarın ardından Brent markalı neftin qiyməti 5 faiz yüksəlib, fyuçers bazarında təklif çatışmazlığı siqnalları güclənib. Çin və Hindistan kimi əsas alıcılar Rusiya mənşəli neftin alışını məhdudlaşdırmağa başlayıblar. ABŞ Xəzinədarlığı müəyyən əməliyyatlara keçid dövrü üçün müvəqqəti lisenziyalar versə də, bazarda risklər qalmaqdadır.

Ekspertlər hesab edirlər ki, sanksiyalar dizel bazarında da gərginlik yarada bilər, çünki Rusiya dünya üzrə bu məhsulun əsas ixracatçılarındandır. OPEC+ ölkələri yaranacaq boşluğu doldurmağa hazır olduqlarını bildiriblər. 

Modern.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, Rusiya şirkətlərinə tətbiq edilən sanksiyalar təbii olaraq, müəyyən qədər təklifin azalmasına gətirib çıxaracaq:

“Lakin “OPEC+” formatında kvotaların, ölkələrə hasilat həcminin artırılması ilə bağlı razılıqların əldə edilməsi nəticədə bu azalmanı kompensasiya edə biləcək. Hazırki vəziyyətdə iqtisadi istiqamətdə yaşanan təlatümlər, qlobal risklər, onsuz da, investorların nefti xammal kimi istifadə edə biləcək iqtisadi sahələrdə tənəzzül prosesinə oxşar proseslərə gətirib çıxaracaq. Tələb kəskin artmır. Rusiya-Ukrayna müharibəsi bitər, Avrasiya materikində yeni dönəm başlayarasa, o zaman belə az təkliflər,tələbin artması qiymətləri artıra bilər. Amma hazırki vəziyyətdə neft qiymətlərinin kəskin artmasını gözləmirəm”.

E.Əmirov vurğulayıb ki, Azərbaycanın neft hasilatı həcmi ildən-ilə azalır:

“Dünya miqyasında gündəlik 1 milyondan artıq neft ehtiyacı var. Bunun isə kiçik hissəini belə Azərbaycan nefti istəsə belə qarşılaya bilməz. Yəni Azərbyacan neftinin əvəzedici kimi şansı yoxdur. Sadəcə olaraq, neft qiymətlərinin artması təbii ki, ölkəmiz üçün valyuta daxilolmalarını artıra bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı