Modern.az

Əvvəl bahalaşırdı, indi ucuzlaşır - Qızıl təhlükədədir?

Əvvəl bahalaşırdı, indi ucuzlaşır - Qızıl təhlükədədir?

İqtisadiyyat

29 Oktyabr 2025, 14:44

Son günlərdə beynəlxalq bazarlarda qızılın qiyməti 4 000 ABŞ dolları həddindən aşağı düşüb. Hazırda əmtəə birjalarında qızılın qiyməti bir unsiya üçün 3 920–3 930 ABŞ dolları səviyyəsində ticarət olunur.

İl ərzində sürətlə bahalaşan qızılın qiymətində azalmanın müxtəlif səbəbləri var. Səbəblərindən asılı olmayaraq ucuzlaşma insanlar arasında narahatlıq yaradıb. 

"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov Modern.az-a açıqlamasında bildirib ki, bu azalma uzunmüddətli geriləmə deyil, daha çox qiymətlərin son dövrlərdə həddindən artıq sürətlə artmasının nəticəsi kimi təbii korreksiya (yəni bazarda qısamüddətli düzəliş) xarakteri daşıyır.

"ABŞ-də borclanmanın rekord həddə çatması, kreditlərin vaxtında ödənilməsində çətinliklərin artması və dövlət büdcəsində kəsirin böyüməsi investorları daha etibarlı və tez nağdlaşdırıla bilən aktivlərə yönəldib. Buna görə də qızıl və gümüş kimi yüksək likvid dəyərlilərdə satışlar müvəqqəti olaraq artıb" - deyə o bildirib.

Rövşən Əmircanov qeyd edib ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) rəhbərliyinin yaxın aylarda pul siyasətini sərtləşdirmə prosesini dayandırmaq və faiz dərəcələrini azaltmaq niyyətinə dair verdiyi siqnallar uzunmüddətli dövrdə qiymətli metallar üçün müsbət şərait yaradır.

"Real gəlirliliyin azalması və dolların zəifləməsi fonunda qızılın qiymətinin 2026-cı ilə doğru yenidən artması, yaxın perspektivdə isə bir unsiya üçün 4 500 ABŞ dolları həddinə qədər yüksəlməsi proqnozlaşdırılır" - R. Əmircanov sonda qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq